Naci Şensoydan növbəti istefa
05.05.2010 - 12:14
Naci Şensoydan növbəti istefa
Bolqarıstanın “Lokomotiv” klubunun baş məşqçisi Naci Şensoy istefa verib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssisin Plovdiv təmsilçisində fəaliyyəti heç bir il çəkməyib. Buna qədər Bolqarıstanda “Belasista”, “Pirin” klublarının baş məşqçi postunda da çox duruş gətirməyən Şensoy istefa verməyi üstün tuturdu. Onun sözlərinə görə, budəfəki gedişi rəhbərliklə yola getməməyi, klub daxilində xoşagəlməz ab-hava üzündən olub: “İstəyirəm ki, Bolqarıstan futbol ictimaiyyəti həqiqəti bilsin. Mən istefa vermişəm. Azsaylı məşqçilərdən biriyəm ki, təzyiqlərə məruz qalmışam. Mənim dəstəyim yox idi. Əgər “Lokomotiv” böyük klub olmaq istəyirsə, idarəçilikdə peşəkarlıq daha böyük olmalıdır. Paltardəyişmə otağında iki saat istefam haqda düşündüm. Hələ iki oyun qaldığından, bunu qəbul etməyi istəmirdilər. Ancaq rəhbərlik işini yerinə yetirmədiyi üçün getməyi qərara aldım. Qalmağım qeyri-mümkündür. Mən oyundan sonra prezidentimiz Koko Dinevlə danışdım və o, istefamı qəbul etdi”.

Gələcək fəaliyyətini hələ müəyyənləşdirməyən mütəxəssis “Lokomotiv”ə uğurlar diləyib: “Ürəkdən arzu edirəm ki, komanda uğur qazansın. Naci Şensoy “Lokomotiv”in fanatına çevrilir. Mən beynəlxalq məşqçi sayılıram. Türkiyə, Azərbaycan və Bolqarıstanda işləmişəm. Bəzi pis insanlar Bolqarıstanda işimə maneçilik törətmək istəyir. Ancaq bu ölkədə öz işini düzgün görmək istəyən insanlar da var”.

Qeyd edək ki, “Turan”ın iki müxtəlif dövrdə baş məşqçisi olan Şensoy ölkəmizdə çalışan ilk əcnəbi mütəxəssis kimi tarixə düşüb.