“Şahmar Vəliyev mənə yeni komanda yığmağı tapşırıb”
05.05.2010 - 12:46
“Şahmar Vəliyev mənə yeni komanda yığmağı tapşırıb”
“Klub prezidenti Şahmar Vəliyevlə görüşmüşəm. Mənə yeni komanda formalaşdırmağı və I divizionda oynamaq üçün yerli gənc futbolçuları dəvət etməyi tapşırıb. Onun tapşırığına uyğun hərəkət edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Unibank Premyer Liqasının XXX turunda öz meydanında “Olimpik-Şüvəlan”a uduzan “Karvan”ın I diviziona düşməsi artıq rəsmiləşib. Bu mənada, qarşıdakı iki oyun yevlaxlılar üçün formal xarakter daşıyır. Amma Yunis Hüseynov bildirib ki, “Standard” və “Turan”la görüşlərdə maksimum nəticə üçün mübarizə aparacaqlar: “Bakıda toplaşmışıq. Məşqlər öz qaydasında gedir. Qarşıdakı oyunlarda qələbəyə ümid edirik. Məqsədimiz eynidir, ancaq qələbə”.

Qeyd edək ki, Yunis Hüseynov yaranan vaxtdan "Karvan" klubunu çalışdırır. O, Yevlax təmsilçisinə Premyer Liqanın gümüş və bürünc medallarını qazandırıb.