Valeri Karpin Mahir Şükürovu fərqləndirmədi
05.05.2010 - 16:01
Valeri Karpin Mahir Şükürovu fərqləndirmədi
“Anji”nin oyununda nəyisə, hansısa futbolçunu fərqləndirmək çətindir. Ümumiyyətlə, çempionatın startında “Sibir” və “Krılya Sovetov” istisna olmaqla, bütün komandalar bərabər oyun göstərir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moskvanın “Spartak” klubunun baş məşqçisi Valeri Karpin deyib.

Rusiyanın ən titullu komandası Premyer Liqanın növbəti turunda sabah Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun heyətində yer aldığı “Anji”ni qəbul edəcək. Bu ilin qışında “Xəzər-Lənkəran”a Türkiyədə yoxlama oyununda qalib gələn “Spartak”ın çalışdırıcı növbəti rəqibini elə də fərqləndirməyib: “Anji” döyüşkən kollektivdir. Onunla oyunumuzun gec saatlarında olması bizim üçün problem deyil. Yaxşı ki, oyunumuz saat 21:00-da başlayacaq. Məsələn, mən həmişə bu vaxtda oynamağı xoşlayıram. Belə saatda futbol oynamaq daim xoşdur. Komandaların hamısı bərabərdir. Heç kimlə asan olmayacaq”.

Məlum olduğu kimi, sağ cinah oyunçusu olan Şükürov “Anji”də əvvəl müdafiənin, indi isə yarımmüdafiədə yer alıb. Karpinin fikrincə, “Anji”nin cinahlarının sürətli olması, onlara problem yaradacaq: “Əlbəttə, bu bizim üçün müsbət ola bilməz. Onların asta futbolçuları olsaydı, bizim üçün lap əla olardı”.