“Belarusda infrastruktur, Gürcüstanda futbol, Azərbaycanda isə pul yaxşıdır”
05.05.2010 - 16:23
“Belarusda infrastruktur, Gürcüstanda futbol, Azərbaycanda isə pul yaxşıdır”
Ötən yay Azərbaycana işləməyə gələn tanınmış rus məşqçi Andrey Çernışov ölkəmizdə gördüklərini unuda bilmir. Apasport.az saytının məlumatına görə, Sumqayıtın “Standard” klubu ilə danışıqlara gələn, hətta komandanı məşqə çıxaran 42 yaşlı mütəxəssis vətəninə tez dönsə də, Azərbaycan haqda müəyyən təəssüratı yaranıb.

Vaxtilə SSRİ və Rusiya yığmalarında oynamış, baş məşqçi kimi isə vətənində U-21, Moskva “Spartak”ı kimi komandalarda işləmiş Çernışov legioner məşqi həyatı ilə bağlı müsahibə verib. Hazırda Qazaxıstanın “Akjalık” klubuna rəhbərlik edən Çernışov əvvəllər olduğu Gürcüstan, Belarus və Azərbaycanı müqayisə edib: “Belarusda infrastruktur çox yüksək səviyyədədir. Klubların yaxşı bazaları, şəraitləri var. Gürcüstanda futbolun ümumi səviyyəsi daha yüksəkdir. Azərbaycanda isə əmək haqları daha yaxşıdır”.

Qeyd edək ki, “Standard” Çernışovla anlaşa bilmədikdən sonra Valdas İvanauskasla müqavilə bağlamış, lakin tezliklə onu istefaya göndərmişdi.