Əfran İsmayılov: Avrokuboklarda “Qarabağ”a kömək edəcəyəm
05.05.2010 - 17:42
Əfran İsmayılov: Avrokuboklarda “Qarabağ”a kömək edəcəyəm
“Heç kim belə bir məqamda komandadan ayrı qaldığına görə mənim qədər üzülməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov deyib.

22 yaşlı yarımmüdafiəçi aldığı zədə üzündən mövsümün son iki oyununda çıxış etdiyi Ağdamın “Qarabağ” klubuna kömək edə bilməyəcək. İsmayılov klubun rəsmi internet saytına verdiyi açıqlamada mövsümü bitirdiyinə üzüldüyünü bildirib: “İnter”lə qələbədən sonra çox ümidlənmişdik. Komandama yardımçı olmaq istəyirdim. Bu zədə heç yerinə düşmədi. Nə etmək olar? İnanıram ki, mənim mövqeyimdə oynayacaq futbolçu daha yaxşı çıxış edəcək. Bizim komandada hər zaman hamı bir-biri üçün döyüşüb”.

İsmayılov “Qarabağ”ın avrokuboklara çıxacağı halda orada oynayacağına ümid edir: “Özüm meydanda olmasam da bütün varlığımla komandanın yanında olacam. Zədəm həqiqətən ciddidir. Həkim dedi ki, ayağım 4 həftə gipsdə qalmalıdır. 1 aydan sonra yüngül qaçışa başlaya bilərəm. Belə vəziyyətdə tam sağalmağım üçün ay yarım vaxt lazımdır. İnşallah, avrokuboklara qədər tam sağalaram. Komandama avrokuboklarda xeyir vermək üçün daha səylə çalışacağam”.

Qeyd edək ki, “Qarabağ” son iki turda “Xəzər-Lənkəran” və “Neftçi” ilə qarşılaşacaq.