“Rəqiblərimiz bu cür düşünübsə, özlərinə zərbə vurublar”
05.05.2010 - 23:46
“Rəqiblərimiz bu cür düşünübsə, özlərinə zərbə vurublar”
İlk “altılıq”da ən çox xal toplayan komandalardan biri “Qəbələ”dir. Əksər mütəxəssislərin “altılıq”ın autsayderi gözü ilə baxdığı Qəbələ təmsilçisi final mərhələsində keçirdiyi 8 oyundan yalnız ikisində məğlub olub. “Neftçi”, “Bakı”, “Qarabağ” kimi komandalara qalib gələn Ramiz Məmmədovun yetirmələri “İnter”i də büdrətməyi bacarıb. Lakin əsas mərhələdə rəqiblərindən az xal toplayan “Qəbələ” bu uğurlu çıxışa rəğmən, yenə Avropa Liqasına getməyə bilər. Ancaq komandanın gənc müdafiəçisi Vurğun Hüseynov ümidlərini itirmədiklərini vurğulayıb.

- “Bakı” ilə oyun barədə nə deyə bilərsən?
- Cəzalı olduğuma görə, həmin oyunda komanda yoldaşlarıma kömək edə bilmədim. Lakin qarşılaşmanı kənardan izləyirdim. Aydın məsələdir ki, hər iki komanda nəticəyə oynayırdı. Sonda qələbəni biz qazandıq. Komanda yoldaşlarım meydanda sona qədər mübarizə apardı. Heç bir komponentdə rəqibdən geri qalmırdıq. Həmin gün qələbəni biz daha çox istəyirdik. Nəticədə istəyimizi reallaşdıra bildik.

- “Qəbələ” cari mövsümdə paytaxtın eyniadlı komandasını məğlub edə bilməmişdi. Son dueldə qələbə qazanacağınız gözlənilən idimi?
- Biz bunu gözləyirdik və buna inanırdıq. Arxada qalan oyunlara diqqət yetirsək, birinci “altılıq”da yalnız “Xəzər-Lənkəran”a məğlub olmuşuq. Qalan komandalardan xal almışıq. “Bakı” ilə qarşılaşmada da 3 xal haqqında düşünürdük. Əzmkar oyun sayəsində meydanı qalib tərk etdik.

- Səncə, rəqibdə arxayınçılıq hiss olunurdumu?
- Ola bilsin, arxayınçılıq yox, yorğunluq hiss olunurdu. Çünki onlar “Qəbələ”yə kubok oyunundan sonra gəlmişdilər.

- Maraqlıdır, “Qəbələ” “altılıq”da daha yaxşı çıxış edir. Bunun səbəbini nə ilə izah edə bilərsən?
- Bu suala baş məşqçi daha yaxşı cavab verə bilər. Mənim şəxsi fikrimcə, indi komanda üzvləri meydanda bir-birini daha yaxşı başa düşür. Komanda şəklində daha yaxşı oynayırıq. Bir-birimizi sığortalamağı bacarırıq.

- Bəlkə müdafiə xətti daha inamlı təsir bağışlayır?
- Hansısa xətti fərqləndirmək istəmirəm. “Qəbələ” komanda şəklində yaxşı oynayır, əzmkar, mübariz kollektivimiz var.

- Əksər mütəxəssislər “Qəbələ”nin ilk “altılığ”a təsadüfən düşdüyünü söyləyirdi. Bu cür mülahizələr oyunçulara necə təsir edirdi?
- Kənardan kimin nə deməsinin bizim üçün əhəmiyyəti yoxdur. “Qəbələ” nəyə qadir olduğunu meydanda göstərir. Əslində, bizim haqqımızda bu cür danışmaları komanda yoldaşlarımı sözün yaxşı mənasında qıcıqlandırırdı. Artıq hamı qələbə haqqında düşünür.

- Bu da faktdır ki, “Qəbələ” əsas mərhələdə bu qədər inamlı təsir bağışlamırdı...
- Mövsümün əvvəlində komanda tam formalaşmamışdı. Üstəlik, zədəli oyunçularımız çox olurdu. Həm də hər qarşılaşmadan sonra oyunumuzu təhlil edib, nəticə çıxarırıq. “Altılıq”da komanda daha yaxşı komplektləşib.

- Əslində, birinci “altılıq”da yer alan komandalar da “Qəbələ”ni ciddi rəqib saymırdı.
- Bu, bizim xeyrimizə olan amildir. Təbii ki, rəqiblərimiz bu cür düşünübsə, onlar özlərinə zərbə vurublar. Ancaq “Qəbələ” də qələbələri bəxt sayəsində qazanmayıb. Heyətimizdə “ulduz” futbolçu olmasa da, əzmkar oyun sayəsində lazımi nəticəni qazanırıq. Əlbəttə, hazırlıq prosesində də müəyyən dəyişiklik var. İndi mükafatlar uğrunda mübarizə aparan komandalarla qarşılaşırıq. Üstəlik, güclü komandalarla qarşılaşsaq da, yorğunluqdan danışmaq mümkün deyil.

- Avropa Liqasına vəsiqə qazanmaq şansınız bir qədər çətinləşib. Bunu “qızıl xal” ehtiyatının azlığı ilə bağlamaq olarmı?
- Birinci “altılıq”da ən çox xal toplayan komandalardan biriyik. Lakin 6-cı pillədə qərarlaşmışıq. Məncə də əsas problem birinci mərhələdə qızıl xal ehtiyatının az olmasıyla bağlıdır. Buna görə də Avropa Liqasına getmək şansımız azdır. Ancaq mübarizəni sona qədər davam etdirəcəyik.

- Kollektivdə ab-hava necədir?
- Əladır. Heç-heçə və qələbələr inamımızı artırıb. Yenə deyirəm, yalnız “Xəzər-Lənkəran”a uduzmuşuq. Bu komanda elə də güclü deyil. Sadəcə, bəxtimiz gətirmədi.

- “Qəbələ” ev oyunlarını süni örtüklü meydanda keçirir. Bu, çətinlik yaradırmı?
- Sözsüz, süni örtüklü meydançada oynamaq çox çətindir. Artıq öyrəşmişik. Ancaq rəqiblərimizin hamısı süni örtüklü meydanda oynamır. Süni örtüyə öyrəşdiyimiz məqamda təbii otda oynamaq ağır olur.

- Qarşıda 2 tur qalıb. Həftəsonu “Neftçi”, son turda isə “İnter”lə qarşılaşacaqsınız. Bu oyunlarda “Qəbələ”dən sürpriz gözləməyə dəyərmi?
- Yeganə məqsədimiz 2 oyundan 6 xal toplamaqdır. “Neftçi” cari mövsümdə bizi məğlub edə bilməyib. 3 oyunun ikisində qələbə qazanmışıq, bir görüş isə heç-heçə başa çatıb. Bu göstərici bizi bir qədər də həvəsləndirir.

- Mövsüm başa çatmaq üzrədir. Yayda “Qəbələ” ilə müqavilən başa çatacaq. Komandada qalacaqsan, yoxsa başqa kluba keçəcəksən?
- Bu haqda danışmaq tezdir. Qarşıda iki oyunumuz var. Bütün diqqətimizi buna yönəltmişik. Transfer məsələləri barədə mövsüm başa çatdıqdan sonra danışarıq.

- Başqa klublardan təklif almısanmı? Konkret “Turan”a dönmək ehtimalın varmı?
- “Turan”a dönməyi düşünmürəm. Bu komandaya kompensasiya ödəyəcəyəm. Təkliflər var, həm də iddialı klublardan. Ancaq mövsüm başa çatmayıb və indidən hansısa klubun adını qeyd etməyim düzgün deyil.

- Millimizin baş məşqçisi Berti Foqts səni yığmanın seleksiya xarakterli toplanışına dəvət etmişdi. Gec də olsa, təəssüratlarını bilmək maraqlı olardı.
- Çox yaxşı toplanış idi. Yüksək səviyyədə məşq etdik. Gündə iki dəfə meydana çıxırdıq. Əsasən topla çalışmalara yer verirdi. Təbii ki, mən də özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Sonda Foqts bizə tövsiyələrini verdi və üzərimizdə işləməli olduğumuzu qeyd etdi.

Mənbə: “Futbol dünyası” qəzeti