Cüneyt Biçər: Dostumun dediyi düz çıxdı
05.05.2010 - 23:18
Cüneyt Biçər: Dostumun dediyi düz çıxdı
“Qarşılaşmadan əvvəl oyunun çətin keçəcəyini demişdim. Gümanım məni yanıltmadı. Sevindirici hal ondan ibarətdir ki, futbolçular verdiyim bütün tapşırıqları yerinə yetirdilər. Meydanı qələbə ilə tərk etməyimiz bunun nəticəsi idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Cüneyt Biçer deyib.

Ölkə kubokunun yarımfinalında “İnter”i mübarizədən kənarlaşdıran paytaxtın eyni adlı komandası ölkə çempionatında da iddiasını davam etdirir. Komandanın türkiyəli çalışdırıcı “İnter”lə oyun barədə fikirlərini bildirərkən, hesabın belə olacağını gözləmədiyini deyib: “Sözün düzü, futbolçularımdan belə əzmkarlıq, mübarizlik və qələbə gözləyirdim. Açığı hesabın belə olacağını zənn etmirdim. Türkiyədən yaxın bir dostum demişdi ki, 3:1 hesabı ilə qələbə qazanacaqsınız. Onun dediyi düz çıxdı”.

Həftəsonu Unibank Premyer Liqasının XXXI turu çərçivəsində yenidən “İnter”lə qarşılaşacaq “Bakı” həmin oyundan da qələbə ilə ayrılmaq niyyətindədir. Cüneyt Biçer oyunun çətin keçəcəyini və futbolçularının arxayın olmayacaqlarını bildirib: “Həftəsonu “İnter”lə oyun yenə çətin olacaq. Düşünmürəm ki, bu qələbədən sonra futbolçularımda arxayınçılıq yaransın. Onlar peşəkar futbolçulardır. Çox yaxşı bilirlər ki, cəmi 3 oyundan sonra titula sahib ola bilərlər”.