17 illik həsrət bitdi, Maurinyo het-tirkə doğru
06.05.2010 - 10:35
17 illik həsrət bitdi, Maurinyo het-tirkə doğru
Ötən gün Avropa ölkələrində bir sıra titullar sahibini tapıb. Apasport.az saytının məlumatına görə, “Marsel” 17 illik fasilədən sonra Fransa çempionluğunu qazandı. Komandanın 1992/93 mövsümündə sonradan qalmaqalla nəticələnən, əlindən alınan çempionluğunu nəzərə alsaq, bu həsrət 18 il davam etdi. Didye Deşamın baş məşqçisi olduğu marsellilər evdə “Renn” üzərində qazandığı 3:1 hesablı qələbə ilə sona iki tur qalmış qızıl medalların sahibi olmasını rəsmiləşdirdi.

Ukraynanın hazırkı çempionunun adı “Şaxtyor”la Kiyev “Dinamo”sunun sona bir tur qalmış görüşündə müəyyənləşdi. Donetsklilər evdə prinsipial rəqibinə minimal hesabla qalib gəlməklə (1:0), çempionluq titulunu qaytardı və 5-ci dəfə bu uğura sevindi.

İtaliya və Türkiyədə isə ölkə kubokunu qazananlar məlum olub. “İnter” çempionluq uğrunda mübarizədə yeganə rəqibi olan “Roma”ya ilk zərbəni vurdu. Romalılar öz meydanlarında keçirilən İtaliya kubokunun finalında Milan təmsilçisinə 0:1 hesabı ilə uduzdu. Bununla da Joze Maurinyo “İnter”in çalışdırıcı kimi növbəti titulunu, o cümlədən ölkə kubokunu qazandı. Portuqaliyalı mütəxəssisin İtaliya çempionluğu qazanmaq və Çempionlar Liqasının finalında Almaniyanın “Bavariya” klubuna qalib gəlmək şansının yüksək olduğunu nəzərə alsaq, cari mövsümdə het-trik edə bilər.

Hazırda Superliqanın lideri “Fənərbaxça”nın ölkə kubokunun həsrəti daha bir il sürəcək. Sonuncu dəfə bunu 28 il öncə - 1982-ci ildə qazanan komanda bu dəfə həlledici görüşdə “Trabzonspor”a yenildi – 1:3. Bununla da Trabzon təmsilçisi 8-ci dəfə Türkiyə kubokunu qazandı və birbaşa Avroliqanın son təsnifat mərhələsinə vəsiqə qazandı. Mövsümün gedişində “Trabzonspor”un sükanı arxasına gətirilən Türkiyə yığmasının sabiq baş məşqçisi Şenol Günəş rəhbərliyin etimadını tezliklə doğrultdu.