UEFA da səhv edərmiş: Qurban Qurbanovun qolu hesaba alınmadı
06.05.2010 - 11:13
UEFA da səhv edərmiş: Qurban Qurbanovun qolu hesaba alınmadı
UEFA Lixtenşteyn - Azərbaycan oyunu ilə bağlı xətaya yol verib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu milli komandamızın bombardiri Qurban Qurbanovun 1998-ci il oktyabrın 14-də AÇ-2000-nin seçmə mərhələsi çərçivəsində Vadutsda 1:2 hesabı ilə uduzduğumuz oyunda rəqib qapıçı Peter Yeleyə vurduğu qolu hesaba almayıb.

Yelenin UEFA-nın rəsmi saytındakı müsahibəsində yol verilən səhv diqqətimizdən yayınmayıb: “Peter Yele yığmada 1998-ci ildə cəmi 16 yaşında debüt edib. Azərbaycan yığması ilə həmin oyunda qapısının toxunulmazlığını qoruyan Yele o vaxtdan bu yana milli komandasında “1 nömrə”ni heç kimə vermir”.

Əslində, həmin oyun əvvəl qeyd etdiyimiz kimi, lixtenşteynlilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Göründüyü kimi, Peterə futbol tariximizə “Vaduts faciəsi” kimi düşən görüşdə qol vursaq da, UEFA bunu nədənsə saymayıb.

Qeyd edək ki, Yele milli komandamızla yalnız 2008-ci ildəki görüşdə (0:0) qol buraxmayıb. Bizə qarşı qalan iki oyunda da Lixtenşteyn yığmasının qapısını qoruyan Peter 6 dəfə topu tordan çıxarıb (Bakıda 0:4, Vadutsda 0:2).

Mehman SÜLEYMANOV