“Qoy, “Xəzər-Lənkəran” bizdən qorxsun” - MÜSAHİBƏ
06.05.2010 - 14:13
“Qoy, “Xəzər-Lənkəran” bizdən qorxsun” - MÜSAHİBƏ
“Bakı” klubunun moldovalı futbolçusu Vadim Boretsin apasport.az saytına müsahibəsi

- “İnter”lə Azərbaycan kubokunun cavab yarımfinal görüşündə 3:1 hesablı qələbə qazansanız da, oyun şəxsən sizin üçün uğurlu olmadı. Belə ki, 72-ci dəqiqədə aldığınız ikinci sarı, ardından qırmızı vərəqə üzündən meydanı tərk etməli oldunuz...
- Məncə, baş hakim mənə ilk sarı vərəqəni verməyə bilərdi. Sonradan isə ikinci “sarı” avtomatik oyundan çıxarılmağımla nəticələndi. Sadəcə, həmin vaxt hesab 3:1 idi. Ola bilsin, baş hakim həmin anda fikirləşdi ki, bir futbolçunu çıxarıb, rəqibimizə kömək etsin. Yəni, sonra deməsinlər ki, pis hakimlik edib. Mən belə düşünürəm. Düzünü deyirəm, ilk sarı vərəqə olan epizodda mən topa oynamışdım. Əsas odur ki, hər şey normal bitdi. Biz 3:1 hesablı qələbəmizi sonadək əldən vermədik və layiqli finala çıxdıq. “İnter”lə cavab görüşündə həqiqətən də yaxşı oynadıq.

- Qırmızı vərəqə almağınız finalda oynamayacağınız deməkdir. Təbii ki, Azərbaycan kubokunun finalına ilk dəfə çıxdığınızdan, cəzalı duruma düşməyinizə görə çox üzüldünüz...
- Əlbəttə. Əslində, bu oyunadək kubokda hesabımda sarı vərəqə var idi. Onsuz da ilk xəbərdarlıq alanda cəzalı vəziyyətə düşdüm. Həmin vaxt düşündüm ki, finala çıxsaq, istənilən halda, həmin oyunu buraxmalı olacağam. Yəni, sarı və qırmızı vərəqə mənim üçün eyni idi, heç bir fərq etmirdi.

- Bəlkə elə bu səbəbdən ikinci “sarı”da kobud oynamaqdan çəkinmədiniz?
- Elə deməzdim. Baş hakim hesab etdi ki, bu, vərəqəlikdir və mənə “qırmızı” göstərdi. Mən nə edə bilərdim? Yenə deyirəm ki, ilk “sarı”da təmiz topa toxunduğumdan, baş hakim rahatca vərəqə verməyə bilərdi. Ancaq belə alındı, bu, futboldur.

- Ölkəmizdə oynadığınız 5 ildə ikinci dəfə ölkə kubokunun cavab yarımfinal oyununda qırmızı vərəqə alırsınız. 2006-cı ildə “Neftçi”nin heyətində “Qarabağ”la görüşdə Aslan Kərimovla mübarizə nəticəsində hər ikiniz meydandan çıxarılmışdınız...
- Bunları eyniləşdirməzdim. O tamam başqa epizod idi. Həmin vaxt birbaşa qırmızı vərəqə almışdım. Bunda isə iki oyun epizodunda aldığım xəbərdarlıq nəticəsində meydandan çıxarıldım. Rəqibi heç nədən vurmadım, yaxud baş hakimlə mübahisə etmədim ki... Bu, mübarizə nəticəsində alınan vərəqələr idi.

- Azərbaycan kubokunu qazanmaq perspektivinə necə baxırsınız?
- Əlbəttə, buna nail olmağa çalışacağıq. Finaldakı rəqibimiz “Xəzər-Lənkəran” yaxşı komandadır. Ona görə də həlledici oyuna çoxlu azarkeşlərin gələcəyini düşünürəm. Çünki finala həmişə çox tamaşaçının gəldiyi yadımdadır. Ümid edirəm ki, stadion tam dolacaq və gözəl oyun olacaq. Allah eləsin ki, hər şey bizim üçün yaxşı bitsin. Əvvəlcədən heç nə demək istəmirəm. Necə deyərlər, yaşayarıq, görərik. Biz finalda qələbəyə köklənəcəyik.

- “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov şəxsən sizə çox yaxşı tanışdır. Belə ki, sizi ölkəmizə gətirən məhz Mircavadov olub. O isə Azərbaycan kubokunun finalında həmişə qələbə qazanır...
- Biz son ölkə çempionuyuq. “Altılığ”ın ilk dövrəsində evdə “Xəzər-Lənkəran”a qalib gəlmişik. Niyə onlardan qorxmalıyıq ki? Qoy, onlar bizdən qorxsun. Dediyim kimi, “Xəzər-Lənkəran” yaxşı komandadır və ona hörmət edirik. Ancaq biz də kuboku qazanmaq istəyirik. Özü də yeri gəlsə, “Xəzər-Lənkəran”dan az yox, bəlkə çox. Azərbaycan kubokunun final oyunu maraqlı olmalıdır və fürsətdən istifadə edib, bütün azarkeşləri həmin görüşü izləmək üçün stadiona dəvət edirəm. Qoy gəlib, yaxşı futbola baxsınlar.

- “Xəzər-Lənkəran”la finala qədər çempionatda hələ iki oyunumuz var. Sonuncu turda, yəni finaldan öncə “Xəzər-Lənkəran”la görüşəcəksiniz. Çempionluğu qazanmaq şanslarını necə dəyərləndirərdiniz?
- Çempionluğu qazanmağımız realdır. Axı hər şey öz əlimizdədir. Elə rəhbərlik də bunu diqqətimizə çatdırıb. Son iki oyunda “İnter” və “Xəzər-Lənkəran” qalib gəl, çempion ol! Buna nail olmaq kifayət qədər realdır. Belə olan halda, təbii ki, “İnter”lə bazar günü evdə keçirəcəyimiz çempionat oyununa da yalnız qələbə üçün çıxacağıq. Allahın köməyi ilə istəyimizə çatsaq, qızıl medallara bir qədər də yaxınlaşacağıq. Ötən il çempion olmuşuq və əlbəttə, titulumuz qorumaq istəyirik. Komanda üçün çempionluqdan önəmli daha nə istəmək olar ki?

- Azərbaycan çempionu olmaqla yanaşı, gümüş və bürünc medal da qazanmısınız. Göründüyü kimi, mükafat kolleksiyanıza yalnız ölkə kuboku çatışmır...
- (bir qədər fikirləşir) Bu, həqiqətən belədir. “Bakı” ilə qızıl, “Neftçi” ilə gümüş və bürünc medal qazanmışam. Kolleksiyama Azərbaycan kuboku çatışmır. Bunu da qazansam, heç də pis olmazdı. Ancaq əvvəldən proqnoz verməyi xoşlamıram.

- “Altılığ”ın əvvəlində komandanızda baş məşqçi dəyişikliyi oldu. Məşhur türkiyəli Bülənt Korkmazı az tanınan həmyerlisi Cüneyt Biçər əvəzləyəndən sonra daha yaxşı çıxış edirsiniz. Bunu nə ilə əlaqələndirərdiniz?
- Buna dəqiq cavab vermək çətindir. Belə götürəndə, Korkmazın vaxtında da pis oynamırdıq. Hazırkı baş məşqçimiz yaxşı çalışdırıcıdır. Ola bilsin ki, indi komandamız daha yaxşı toparlanıb. Gəlin tələsməyək, çempionat hələ bitməyib. Sonda çıxışımızı təhlil edərik. Üstəlik, qarşıda üç vacib oyunumuz var və arxayınlaşmaq istəməzdik. Bundan sonra rahat fikir bildirə, nəyin alınıb, nəyin alınmadığını deyə bilərik. Çempiona və kubok bitməmiş qəti fikir yürütmək tezdir. Düzdür, bizdə də eniş və yüksəliş var. Elə olur ki, uğursuz oynayıb, uduzuruq, yaxud yaxşı oynayıb, qalib gəlirik. Cari mövsümdə üç baş məşqçimiz olub. Onların hər birinə, iş prinsipinə, taktikasına uyğunlaşmalı oluruq. Bir sözlə, hər şeyin nüansları var. Qoy üç oyun qurtarsın, sonra rahat təhlil apararıq.

Mehman SÜLEYMANOV