“İnter”də islahatlar başladı: Arnaut getdi, daha 2 legioner də gedir
06.05.2010 - 17:45
“İnter”də islahatlar başladı: Arnaut getdi, daha 2 legioner də gedir
Bakının “İnter” klubu mövsüm bitməmiş legionerlərindən biri ilə vidalaşıb. Bu barədə apasport.az saytına komandanın prezidenti Georgi Nikolov məlumat verib. O bildirib ki, serbiyalı yarımmüdafiəçi Qoran Arnaut klubdan ayrılıb.

“Onun ailəsində bədbəxt hadisə baş verib. Hamilə olan həyat yoldaşının səhhətində problem yaranıb. Xeyli vaxtdır övlad həsrətində idilər. Qoran narahat olduğu üçün komandanı tərk edib, xanımının yanına getmək istədi. Mənə yaxınlaşıb, buraxmağımızı xahiş etdi. Bu imkanı yaratdıq və Arnaut artıq vətənindədir. Heyətə düşməyən digər futbolçularla bağlı son qərarı baş məşqçi Kaxaber Sxadadze verəcək” – deyə Nikolov bildirib.

Paytaxt təmsilçisi cari mövsümdə az oynayan, meydana çıxanda isə kobud səhvləri ilə yadda qalan müdafiəçi, digər serbiyalı Milan Zaqorats və günlərini ehtiyatda keçirən belaruslu hücumçu Vitali Ledenyovla da vidalaşacağı gözlənilir.

Qeyd edək ki, 2007-ci ilin yayında “İnter”ə transfer olunan Arnaut əvvəlcə Azərbaycan çempionatının qızıl, sonra gümüş medalını qazanıb. 31 yaşlı yarımmüdafiəçi Sxadadzenin dövründə daha çox ehtiyatda qalırdı. Təsadüfi deyil ki, Qoran cari Premyer Liqada cəmi 2 (53 dəqiqə), ümumilikdə çempionatda 32 oyun keçirib.

Mehman SÜLEYMANOV