“Futbolçular deyir ki, “Anji” maaşımızı verməsə, oynamayacağıq”
07.05.2010 - 14:25
“Futbolçular deyir ki, “Anji” maaşımızı verməsə, oynamayacağıq”
Azərbaycan yığmasının və Rusiyanın “Anji” klubunun futbolçusu Mahir Şükürovun apasport.az saytına müsahibəsi

- Dünən Moskvada “Spartak”la oyunda meydana çıxmadınız. Adınız heç “18-lik”də yox idi...
- Baş məşqçi Hacı Hacıyev belə qərar verdi. Açığı, heç Moskvaya da getməmişdim. Mahaçqalada qalıb, məşq etdim.

- Cəzalı olduğunuz dövrü nəzərə almasaq, daim heyətdə yer almısınız. Amma bu dəfə birdən-birə komandadan kənarda qalmağınız gözlənilməz oldu. Nə baş verib?
- Moskvaya yollanan heyətdə cinah oyunçuları yox idi, hamısı mərkəzdə çıxış edənlər idi. Ola bilsin ki, məni oynatmamaq baş məşqçinin taktiki gedişi ilə bağlı idi. Sözün açığı, kənarda qalmağımın səbəbini heç özüm də bilmirəm.

- Bəlkə hansısa narazılıq yaranıb?
- Yox. Sadəcə, iki gündür dişim ağrıdığından məşq edə bilmirdim. Mahaçqalada stomatoloq tanımadığım üçün klubun həkimi ilə poliklinikalardan birinə gedib, dişimi müalicə etdirdim. Ola bilsin ki, son günlər məşq etmədiyimdən məni Moskvaya aparmadılar. Mayın 11-də Moskva “Dinamo”su ilə çətin ev oyunumuz var. İnşallah, həmin görüşdə iştirak edərəm.

- Hər halda, “Spartak”la matçda özünü göstərməyin daha yaxşı olardı...
- Rusiyada hər bir oyun mənim üçün tramplindir. Moskva “Spartak”ı kimi güclü komandalarla oynamaq lazımdır ki, sonradan mənə asan olsun. Güclülərlə görüşdən kənarda qalıb, zəif komandalara qarşı oynamaq nəyimə lazımdır? Bu, heç xeyrimə olmaz. “Spartak”a qarşı oynamağı çox istəyirdim və həmin görüşdə mənim də komandaya köməkliyim dəyərdi. Amma bu, olmadı və 0:3 hesabı ilə uduzduq. Bu isə pis nəticədir. Halbuki, dünən “Spartak” elə də güclü oynamadı. Sadəcə, bizimkilər zəif oynadı və böyük hesabla məğlub olduq.

- Belə başa düşdük ki, “Spartak”a səfərdə böyük hesabla məğlubiyyət sizin üçün gözlənilməz oldu?
- İndi Rusiyada heç bir komandaya zəif demək olmaz. Ötən mövsüm Premyer Liqada güc-bəla ilə qalan Nalçik “Spartak”ı hazırda çempionatın liderlərindədir. Onların heyəti həminkidir və yeni futbolçuları azdır. Rusiyada fiziki hazırlığa üstünlük verilir. Kim çox qaçırsa, o da qalib gəlir. Moskvalılar komandamıza oynamağa imkan yaradırdılar. Ancaq zəif oynadığımızdan uduzduq.

- Bildiyimizə görə, son vaxtlar maaşlarınız verilməsi bağlı problem yaranıb. Bu, nə ilə bağlıdır?
- Bəli, belə problem var. Ancaq futbolçular bəlkə də qorxduqları üçün bunu demirlər. Son üç ayda maaş verilmir. Heç-heçə üçün nəzərdə tutulan mükafatı da ala bilməmişik. Axı üç ayda maaş necə ola bilməz ki? Onda komanda Premyer Liqaya niyə çıxırdı? Elə I divizionda oynayardı da...

- Ancaq bir müddət əvvəl “Anji”də maddi vəziyyətin yaxşı olduğunu demişdiniz. İndi isə tam fərqli vəziyyətdən bəhs edirsiniz. Klub rəhbərliyi bunu nə ilə əsaslandırır?
- Nə bilim, vallah. Bir adama yaxınlaşıb, maaşı barədə nəsə soruşmaq olmur. Heç kim heç nə demir. Bircə onu deyirlər ki, maaşların nə vaxt veriləcəyi bilinmir.

- Sözlərinizdən belə qənaətə gəldik ki, digər futbolçular klubda pis münasibətlə üzləşəcəklərindən qorxduqları üçün narazılıq etmirlər?
- Oturanda danışırlar, bütün günü deyinirlər. Deyirlər ki, maaşlar verilməsə, oynamayacağıq. Ancaq oyun yaxınlaşanda, vəziyyət dəyişir, oyuna çıxandan sonra elə bil həmin, Omari Tetradzenin vaxtındakı uşaqlar deyil. Burda heç biri söz deyə bilmir. Qorxurlar, hamısı çəkinirlər. Vallah, özüm də baş açmıram. Deyirlər ki, oyuna çıxmayacağıq, ancaq sonradan sözlərinin üstündə durmurlar.

- Amma siz narazılığınızı deməkdən çəkinmirsiniz...
- Futbolçu həyatı qısadır, 28 yaşım var. 21-22 yaşım yoxdur ki, adıma görə oynayım. Burda oturub-durub deyirlər ki, ad-sana görə oynamalısan. Axı mənim ada görə oynayan vaxtım deyil ki? Bəlkə sabah başıma nəsə hadisə gəldi, futbolla qurtardım. Oynamışamsa, əmək haqqım verilməlidir.

- Siz çəkinmədən rəhbərliyə, yaxud baş məşqçiyə narazılığınızı bildirmisiniz?
- Bəli. Bəlkə də ona görə mənimlə prinsip aparırlar. Bir adam demir ki, maaşlar nə vaxt olacaq. Mayın 11-də sonuncu oyunumuz var və bundan sonra komandanı istirahətə buraxırlar. Ancaq pulla bağlı xəbər yoxdur.

- Bəlkə Hacıyev maaşa etiraz etdiyiniz üçün sizi Moskvaya aparmayıb?
- Vallah, nə bilim. Bəlkə buna görədir, yaxud taktiki gedişlə əlaqəlidir... Ola bilsin, Hacıyev dünənki məğlubiyyətdən sonra öz-özlüyündə fikirləşib ki, məni Moskvaya gətirməməklə, səhv addım atıb. Cəzalı olduğum MOİK və “Alaniya” ilə görüşlər istisna olmaqla, bütün oyunlarda canla-başla oynayıb, komandaya kömək etmişəm.

- Mahir Şükürova pulu verilməyəndə, çıxıb həmin oyununu oynayır, yoxsa yola verir?
- İstənilən halda, çıxıb öz oyunumu oynayacağam. Çünki burdan da qabağa getmək istəyirəm. “Anji”də çox qərarlaşmaq istəmirəm. Burda müqavilələr Azərbaycandakı kimi deyil. Nə yazırlarsa, onu da verirlər. Aldatmaq söhbəti yoxdur, pulunu qəpiyinə kimi alacaqsan. Yəni, sonadək borclu qalmaqla bağlı problem yoxdur.

- Lazım gələrsə, Rusiya Futbol İttifaqına şikayət edib, pulunuzu ala da bilərsiniz...
- Bəli, üç aydır maaş verilməyəndə, futbolçuya azad transfer verirlər.

- Bəs “Anji”nin sizə borcu nə qədərdir?
- Çoxdur, ancaq konkret məbləği açıqlaya bilmərəm.

- Heç olmasa, təxmini məbləği deyərdiniz...
- 100 min dollardan çoxdur.

- Dünya çempionatı ilə əlaqədar Premyer Liqada uzun müddət fasilə yaranacaq. Ola bilərmi ki, həmin vaxt “Anji”dən gedişiniz baş versin?
- İndi bu haqda dəqiq bir söz deyə bilmərəm. Klubla hələ uzunmüddətli müqaviləm var. Qışda “Anji”yə gələndə, üç illik anlaşma imzalamışam. Yaxşı müqaviləm var. Klub rəhbərliyi məni də buraxmaq istəməz. Sağ olsunlar, prezidentdən tutmuş azarkeşlə qədər hamı mənəvi dəstək olur. Hər halda, oyunumuza görə məndən razıdırlar. Azarkeşlər dünən mənə zəng etmişdilər. Soruşurlar ki, niyə oynamırsan, baş məşqçi hansı səbəbdən sənə qarşı belə edir. Mən də onlara vəziyyətimi izah etdim. Bizdə bir futbolçu var, soyadı Ağalarovdur, nə var-nə var, qardaşı məşqçidir, ona dəstək verir, arxa dururlar. Bu səbəbdən onu oynadırlar.

- Sizin mövqeyinizdə, yəni müdafiənin sağ cinahında oynayan Kamil Ağalarovu nəzərdə tutursunuz?
- Bəli. Mən oynadığım vaxtda Kamil heç “18-liy”ə düşmürdü. Hacıyev komandaya gələndən sonra onun qardaşını gətirib, yaxın olduqlarına görə Kamili oynadır. Burda yeni baş məşqçi gələndən sonra dəyişiklər oldu. Deyiləsi çox sözüm var. Ancaq bunu edə bilmərəm. Qorxuram ki, çox şeyi deyirəm, sabah başlayacaqlar mənə qarşı başqa münasibət göstərməyə.

- Azərbaycana qayıtmaq variantı fikrinizdən keçməyib?
- Geri qayıtmaq istəmirəm. Bu, düz çıxmayacaq. Rusiyada qalıb, oynamağım yaxşıdır. Allah eləməsin, sabah problem yaranıb, geri dönsəm, deyəcəklər ki, getdi, yenə tez qayıtdı. Buna görə qalıb, daha irəli getmək istəyirəm. Artıq beş aydır burdayam, əvvəlki kimi deyil. Yəni yeni gələndə darıxırdımsa, indi belə şey yoxdur. Rusiya Premyer Liqasında şərait yaxşıdır. Ancaq burada oynamaq çox çətindir. Gərək həmişə fiziki cəhətdən hazır olasan. Meydanda bütün komandalar qaçır, dayanmırlar.

Mehman SÜLEYMANOV