Mahir Şükürov: Azərbaycan yığmasında yerimi itirmək istəmirəm
07.05.2010 - 23:07
Mahir Şükürov: Azərbaycan yığmasında yerimi itirmək istəmirəm
“Milli komandamızın Avstriyadakı hazırlıq prosesində iştirak edəcəyəm. AFFA artıq bu məsələni klubumla danışıb və hər şey həll olunub”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov deyib.

Bu ildən Rusiyanın “Anji” klubunda oynayan 28 yaşlı müdafiəçi yığmamızın təlim-məşq toplanışlarını buraxmaq istəmir. “Anji”nin də Avstriyada hazırlıq prosesinin olması Mahirin mayın 26-da Moldova, 29-da Makedoniya, iyunun 2-də Hondurasla yoldaşlıq görüşlərində iştirakını sual altına qoyurdu. Ancaq Şükürovun sözlərinə görə, artıq bu baxımdan heç bir problem yoxdur: “Mən yığmamızla qoşulub, Avstriyaya gedəcəyəm. Mayın 11-də Moskva “Dinamo”su ilə oyundan sonra bizdə də istirahətdir. Həmin vaxt vətənə dönəcəyəm və yığma ilə birgə səfərə Bakıdan çıxacağam. “Anji” bir daha iyunun 2-3-də yığışacaq. Onlar da Avstriyaya təlim-məşq toplanışına gedirlər. İnşallah, mən də yığmamızın iyunun 2-dəki oyunundan sonra onlara qoşulacağam”.

Mahir yığmamızın əsas heyətində yerini itirmək istəmir: “Milli komandamızın qarşıdakı hazırlıq prosesində iştirakım çox lazımdır. Çünki növbəti seçmə mərhələ yaxınlaşır və bu, yoldaşlıq görüşləri də Avro-2012-ə hazırlıq üçün son oyunlardır. Komanda artıq komplektləşməlidir ki, növbəti seçmə mərhələdə bizə asan olsun. Mən də bu yoxlama oyunlarda iştirak edib, heyətdə möhkəmlənməliyəm”.