Zaur Məmmədov: Biz də çaş-baş qalmışıq
07.05.2010 - 17:48
Zaur Məmmədov: Biz də çaş-baş qalmışıq
“Qyoko Hacıyevski komandamıza gələcək. O, təyin etdiyimiz icraçı-direktor postunda fəaliyyətini davam etdirir, seleksiyaçı kimi öz işini görür. Yeni baş məşqçimizin kim olmasına isə çempionatın formatı təsdiqlənəndən sonra tam aydınlıq gətirəcəyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun prezidenti Zaur Məmmədov deyib.

Dörd ildir baş məşqçi postunda çalışan ukraynalı Roman Pokoranın mövsüm bitəndən sonra gedəcəyini bir daha təsdiqləyən Məmmədovun sözlərinə görə, vətənində olan Qyoko Hacıyevski onlardan cavab gözləyir. Prezident makedoniyalını baş məşqçi postunda görmək istəsə də, qəti fikir söyləməyi tez sayır: “Hələ mövsüm bitsin, görək yeni çempionat hansı formatda keçiriləcək. Buna hələ aydınlıq gəlməyib və biz də çaş-baş qalmışıq. Əgər “altılıq”da qalsa, başqa komanda hazırlamaq lazımdır, 10 komandadan ibarət 4 dövrəli sistemdə başqa komanda”.

Məmmədov baş məşqçi ilə yanaşı, heyətdə də dəyişiklərin olacağını gizlətmir: “Danışıqlar apardığımız yerli futbolçular var. Legionerlərimizin çoxu ilə vidalaşıb, yenilərini gətirəcəyik. Ola bilsin ki, indiki legionerdən yalnız birini saxladıq”.