“Karvan”da qalmaqal: Futbolçular komandanı boykot etdilər!
08.05.2010 - 23:10
“Karvan”da qalmaqal: Futbolçular komandanı boykot etdilər!
I diviziona düşməsi rəsmiləşən “Karvan” klubunda xoşagəlməz hallar yaşanıb. Apasport.az saytının məlumatına görə, futbolçularla rəhbərlik arasında fikir ayrılığı meydana gəlib. Belə ki, oyunçular rəhbərlikdən maaşlarını tələb ediblər. Amma onların bu tələbi yerinə yetirilməyib.

Nəticədə təcrübəli futbolçuların hamısı düşərgəni tərk edib. Belə ki, "Karvan"ın Sumqayıtda təyin olunan son məşqi bu səbəbdən baş tutmayıb. Futbolçular evlərinə qayıdıblar və onların bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Standard"a qarşı matçda meydançaya çıxmayacağı bildirilir. Amma bu oyun baş tutacaq. Məlumata görə, komandanın baş məşqçisi Yunis Hüseynov "Standard"a qarşı əvəzedici heyəti oynadacaq.

Qalmaqalla bağlı "Karvan"ın bir neçə futbolçusu apasport.az saytına danışıb. Onlar belə olayın həqiqətən də baş verdiyini və oyuna çıxmayacaqlarını təsdiqləyiblər.

Qeyd edək ki, "Karvan" 2 aydır futbolçuların maaşlarını vermir.