“Məni Riberinin ad günü hədiyyəsi kimi sifariş vermişdilər”
09.05.2010 - 12:33
“Məni Riberinin ad günü hədiyyəsi kimi sifariş vermişdilər”
O, indi Fransanın ən məşhur qadınlarından birinə dönüb. Məşhurluq və populyarlığı istedadı, biliyi və ya bacarığı ilə bağlı deyil, əsla. Yeniyetməlik yaşlarından bəri əxlaqsızlıqla məşğul olan, vücudunu satmaqla pul qazanan bu qadın indi Fransa yığmasının oyunçuları Frank Riberi, Kərim Benzema və Sidney Qovunun başağrısına dönüb. "Bavariya", Madrid "Real"ı və Lion "Olimpik"inin oyunçuları məhz bu qadınla təmaslara görə polisə çağırılıblar. Onlar yetkinlik yaşına çatmamış şəxslə cinsi əlaqədə suçlanıblar.

Həmin "şəxs" isə 18 yaşlı Zahira Dehardır. Bəstəboy, zərif, incə bir qadındır. İlk baxışdan yuvasından düşmüş quş balasına bənzəyir. Amma gözlərinə baxanda oradakı qətiyyət, biclik və hər an insanı toruna salmağa hazır qadının fəndgirliyini görmək olar. İnternetdəki bloqu və ya "Twitter"dəki akkauntunda, virtual şəbəkədə yayılmış çoxlu şəkillərindəki qadına bənzəmir. O şəkillərdə Dehar sanki Peris Hiltonun Fransadakı variantıdır. Amma real həyatda Zahira çox sakit və nə qədər paradoksal olsa belə, utancaq təsir bağışlayır. Təbii ki, bir əxlaqsız qadının utancaqlığı səviyyəsində. Anası Yamina, atalığı və 16 yaşlı qardaşı Zəkəriyyə ilə birlikdə yaşadığı Val de Marn qəsəbəsində indi onu artıq hamı tanıyır. Halbuki Zahira həmin evi fotoqraf və jurnalistlərin əlindən qurtulub sığına bildiyi yeganə məkan bilir. Onun adı, telefon nömrəsi indi internetdə fransızların aradığı ən populyar nəsnələrdən biridir.

"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi, "Real"ın forvardı Kərim Benzema, Lion "Olimpik"inin ulduzu Sidney Qovu və Marsel "Olimpik"inin qoleadoru Hatəm ben-Arfa bu qadınla "məhrəm əlaqələr"də suçlanıblar. Fransa polisi bildirir ki, Zahira Dehar yetkinlik yaşına çatmadığı dönəmdə həmin futbolçular onun "xidmətlər"indən dəfələrlə istifadə ediblər. Riberi isə Almaniyada tanış olduğu Deharla əlaqələrini sonradan Parisdəki "Zaman" əyləncə məkanında, Zahiranın "çağırışla gedən qadın" kimi çalışdığı yerdə davam etdirib və hətta birgecəlik "eşq" üçün ona 2 min avro da verib.

Təbii ki, futbolçular deyilənlərin hamısını təkzib edir, iddiaları əsassız sayırlar. Dehar da indiyədək kütləvi informasiya vasitələrinə qısa açıqlamalar verməklə kifayətlənib. Fəqət o, "Paris Match"ın reportyoru Mişel Blüdiyə verdiyi eksklüziv müsahibəsində futbolçularla təmaslarından, yaranan qalmaqaldan, həyatından və düşüncələrindən bəhs edib.

- Gəlin bəri başdan müəyyənləşdirək: siz kimsiniz?
- Mən əxlaqsız qadın, küçələrdə yatan adam deyiləm. Çağırışla əyləncəyə gedir, pul qazanır və o pullardan vergi ödəyirəm.

- Necə tanındınız?
- (gülür) Düşünməyin ki, məni son olaylara görə tanıyıblar. "NRJ 12" telekanalındakı "12 Couers" şousuna dəvət almışdım. Ora çıxdım, bikinidə rəqs etdim və bir gecənin içində məşhurlaşdım.

- Əslən Mərakeşdən olduğunuzu deyirlər?
- Yalandır! Mərakeşli deyiləm, əslən Əlcəzairdənik. 1992-ci ilin fevralın 22-də doğulmuşam. Buyurun, baxın - bu da mənim pasportum. Əlcəzairə 2002-ci ildə, anam və kiçik qardaşım Zəkəriyyə ilə birlikdə gəldik. O vaxt 10 yaşım vardı.

- Aprelin 12-də "Zaman" gecə barında polis səni yaxalayıb. Sutenyorluqda, yəni səninlə orada işləyən qadınları pulla müştərilərə "satmaq"da suçlanıbsan.
- Bunları sizə kim deyib axı?! Hamısı yalandı. Orada tutulan qadınlardan yalnız birini tanıyıram. Həbsdə də olmamışam. Əslində hadisə tamam başqa cür baş verib. Aprelin 12-də polis evimizə gəldi və o vaxt işdə olmuşam. Məni evdə tapmayan müstəntiqlə iki polis iş yerinə zəng vurdular, dərhal polis idarəsinə yollandım.

- Evinizdə axtarış aparıldımı?
- Yox, axtarış olmadı. Pis iş görməmişəm, heç nə oğurlamamışam. Polislər evimi niyə aramalıydılar ki?!

- Polisin evinizə niyə getdiyinin səbəbini də bilmirsiniz?
- Onlar məndən "Zaman"dakı sutenyorluq barədə nə bildiyimi soruşdular. Dedilər ki, ağır cinayətlər törətmiş sutenyor Əbu Kamalla necə tanış olmuşam. Əbu Kamal tutulanda onun mobil telefonunun yaddaşında mənim nömrəm varmış. Polisdə onu da söylədilər ki, aylardan bəri "Zaman"dakı digər qadınlarla bahəm, məni də nəzarətdə saxlayıblar.

- Niyə?
- Polis nə işlə məşğul olduğumu, vücudumu satıb pul qazandığımı bilirdi. Müştərilərim arasında adi insanlar da vardı, məşhurlar da. Amma mən fahişə deyiləm. Hansısa əxlaqsızlıq şəbəkəsində deyiləm, sutenyorluq etmirəm, qazandığım pullardan da kiməsə "haqq" ödəmirəm. İstədiyimi edirəm, seçdiyim adamla gecələr yatıram və istəyəndə də pul alıram. Kimsə məni buna vadar etmir. İstəməsəm, heç nə olmaz.

- Nə zamandan bəri bu "iş"lə məşğulsunuz?
- 16 yaşım olanda axşamlar gecə klublarına getməyə başladım. Olduğumdan yaşlı göründüyümü, kişilərin də mənə laqeyd baxmadıqlarını anladım və öz-özümə dedim: "Belədisə, bu kişilərdən istifadə edib niyə pul qazanmamalıyam?!" İndi çağırışla gedən qadınam. Kişilər ziyafətlərdə və ya səyahətlərdə müşayiət edir, yalnız yataqda onlarla olmuram.

- "İş yeri" qismində daha çox haralarda peyda olursunuz?
- "Etoil", "Palais M", "Sense" təki elitar gecə klublarında daha çox oluram. VİP səviyyəli yerlərə üstünlük verirəm. Günün ikinci yarısında isə Parisin 8-ci dairəsindəki dəbdəbəli otellərin barlarına yollanıram.

- Xidmətinizin qiymətini bilmək olarmı?
- Bunu polis məmurlarından gizlətməmişəm ki. Bir gecəyə 2 min avro alıram. Əgər kişilər qısamüddətli əlaqə istəyirlərsə, 500 avro tələb edirəm. Bilirsinizmi, təklifi həmişə kişilər edir. Ona görə də fahişə adlandırılmağımı istəmirəm. Yol kənarında durmuram və ya barda oturub kişilərə qırsaqqız kimi yapışmıram. Bahalı və dəbdəbəli yerlərə gedirəm, müştərilərimin arasında idman və şou-biznes aləmindən adamlar olur. Onlar mənə təklif edir, mən də düşünüb qərar verirəm.

- Frank Riberi, Sidney Qovu, Kərim Benzema və Hatəm ben-Arfanın adları necə oldu ki, sizinlə birgə çəkildi?
- Onların adlarını harda gəldi çəkməmişəm. Polisdə ifadə verəndə soruşdular ki, tanıdığım, əlaqədə olduğum adamlar kimlərdi, mən də dedim. Əvvəlcə boyun qaçırdım. Lakin polis mənə Əbu və Dora ilə telefon danışıqlarımın lent yazılarını dinlətdi. Bundan sonra susmaq, nəyisə danmaq mənasızlıqdı.

- Polisi daha çox nə maraqlandırırdı?
- Polisdə mənə dedilər ki, bu ilin fevralına qədər əlaqədə olduğum kişilər cinayətkar sayıla bilərlər. Çünki 18 yaşım fevralda olub və Fransa qanunvericiliyinə görə də, həmin kişilər yetkinlik yaşına çatmamış qızla cinsi əlaqədə olmuş vətəndaşlar sayılırlar. Bunu heç düşünməmişdim və kimsə də yetkinlik yaşına çatmadığımı deməmişdim. Düşünürdüm ki, 16 yaşım tamam olandan sonra heç bir problem yoxdu.

- Benzema, Riberi, Qovu, Arfa - onlar sizin üçün adi müştərilərdi?
- Təbii, axı mən futbol aləminin adamı deyiləm. Onların arasında ilk tanıdığım Benzemadı. Kərimlə 2008-ci ildə gecə barında tanış oldum. Sonralar iki-üç dəfə görüşdük və sizi əmin edirəm ki, Kərim yaşımı bilmirdi. Onunla görüşəndə Kərim gəncdi, 18 yaşı vardı. Mənimçün o, yalnız müştəriydi, vəssalam.

- Benzema dediklərini qətiyyətlə inkar edir.
- O, istədiyini deyə bilər. Bizi bir yerdə görmüş şahidlər var. Bax, buna görə polisdə heç nəyi inkar edə bilmədi.

- Riberi daha yaşlıdır, üstəlik, evlidir.
- (gülür) Əvəzində daha inadkardır. Dostlarımdan biri, indi sutenyorluğa görə həbs edilmiş Kamellə birlikdə onun yanına təyyarə ilə yollandıq. 2009-cu ilin aprelin 7-i idi. Riberinin 26 yaşı tamam olurdu. Məni də onun üçün ad günü hədiyyəsi kimi sifariş vermişdilər. Münhendəki dəbdəbəli otellərdən birində görüşdük. Gecəni səhərədək bir yerdə olduq və o da borclu qalmadı.

- Deməli, hədiyyə olubsunuz?
- Hə, hədiyyə idim.

- Paris - Münhen aviareysinə biletin pulunu kim ödədi?
- Bunu bilmirəm. Kamel, bəlkə də başqa birisi. Əminəm ki, polis biletin pulunu kimin verdiyi artıq müəyyənləşdirib. Sadəcə, onu deyim ki, Riberi neçə yaşım olduğunu bilmirdi və biletin pulunu da o verməyib.

- Münhendən sonra görüşdünüzmü?
- Bəli, son görüşümüz də Parisdə, 2009-cu il dekabrın sonlarında oldu. Frankdan pul almaq mənim üçün çətin olsa da, o səxavətli davrandı və pulu verdi. Riberi cəsarətlidi, amma yaxşı təhsil almış adam deyil. Onun futbolçu olub-olmaması da məni maraqlandırmırdı. İşimi görməyə gedirdim. Riberi mənimçün başqa bir müştəridən heç nə ilə fərqlənmirdi. Polis isə mənə təzyiqlər etdi. Dedilər ki, Riberi, Qovu, Arfa və Benzema ilə bağlı hər şeyi deməsəm, həbs ediləcəyəm. Hətta Fransa vətəndaşlığından məhrum etməklə də hədələdilər.

- Nə işlə məşğul olduğunuzdan ailənizin xəbəri varmı?
- (pauza) Son hadisələrədək anam işimlə bağlı heç nə bilmirdi. Əlcəzairdə qalan atamın da heç nədən xəbəri yoxdur. Onlar fabrikdə gecə növbəsində çalışdığımı düşünürdülər.

- İlk müştərinizi xatırlayırsınızmı?
- Əlbəttə. Ad gününü qeyd edən gənc oğlandı. Çox gözəl və savadlı. O vaxt 16 yaşım vardı.

- Nə zamansa sevibsinizmi?
- Cəmi bir dəfə, amma dəlicəsinə. O, hisslərim barədə heç nə bilmirdi. İndisə, bu qalmaqaldan sonra onun nə iş gördüyümü bilməsi məni üzür.

- Gələcəyinizi necə görürsünüz?
- Estetika məktəbində 2 il təhsil alasıyam. Bir qədər pul yığıb plastik əməliyyat etmək istəyirdim. Sonra da bu işlə vidalaşmağı. İndisə nə edəcəyimi bilmirəm...