“Xəzər-Lənkəran” hakimdən şikayət edəcək
09.05.2010 - 23:06
“Xəzər-Lənkəran” hakimdən şikayət edəcək
Unibank Premyer Liqasının XXXI turunda Ağdamda “Qarabağ”a uduzan “Xəzər-Lənkəran” rəhbərliyi oyunun idarəçiliyindən narazı qalıb. Apasport.az saytının xəbərinə görə, baş hakim Elçin Məmmədovun bəzi qərarlarından narazı qalan cənub təmsilçisi AFFA-ya şikayət edəcək.

Lənkəranlılar 23-cü dəqiqədə qapıçı Kamran Ağayevə və 54-cü dəqiqədə müdafiəçi İvan Pexaya göstərilən sarı vərəqəni əsassız sayırlar. Aldıqları sarı vərəqələrdən sonra cəzalı vəziyyətə düşən hər iki futbolçu son turda “Bakı” ilə oyunu buraxmalı olacaqlar.

Bundan başqa, “Xəzər-Lənkəran” hakimin oyunun nəticəsinə birbaşa təsir edən səhvə yol verdiyi qənaətindədirlər. Belə ki, meydan sahiblərinin ilk qolu zamanı, Georgi Adamiya Rəşad Sadıqova əllə ötürmə verdiyini iddia olunur.

Qeyd edək ki, “Qarabağ” – “Xəzər-Lənkəran” oyunu 2:1 hesabı ilə başa çatıb.