“Polislər qolumu burub, məni paltardəyişmə otağına saldılar”
09.05.2010 - 23:11
“Polislər qolumu burub, məni paltardəyişmə otağına saldılar”
“Mən nə baş hakimlə, nə də polislə dalaşmışam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun qapıçısı Kamran Ağayev deyib.

Cənub təmsilçisi Unibank Premyer Liqasının XXXI turunda səfərdə “Qarabağ”a 1:2 hesabı ilə uduzsa da, turnir cədvəlinin zirvəsində qaldı. Oyundan sonra isə meydanda qalmaqal yarandı. Belə ki, Kamran Ağayevin baş hakim və polislərlə dalaşdığı bildirilir. Amma əməkdaşımızla söhbətində Ağayev bunları təkzib edib: “Öncə onu deyim ki, baş hakim oyunu bərbad vəziyyətdə idarə etdi. Konkret mənə göstərdiyi sarı vərəqə düzgün qərar deyildi. Özü də, Elçin (baş hakim Elçin Məmmədov-red) sarı vərəqə göstərəndə, mənə nalayiq söz dedi. Bu necə hakimdir, necə hakimlikdir? Əsassız vərəqə göstərdiyi bəs deyil, hələ bir ağzına gələni də danışır. Əgər onu vurmağımı deyirlərsə... Elə bir fikrim olsaydı, Elçini meydanda niyə, başqa yerdə tutub, o qədər döyərəm ki... Nəyimə lazımdır axı? “Qarabağ” hesabı açan zaman, top meydan sahiblərinin futbolçusu Georgi Adamiyanın əlinə dəymişdi. Amma nə xeyri var? Qol qeydə alındı”.

Polislərlə aralarında yaranan qalmaqala gəlincə, Ağayev bildirib ki, asayiş keşikçiləri ona qarşı haqsızlıq ediblər: “Mən oyundan sonra baş hakimə öz iradlarımı bildirmək istəyirdim. Amma polislər qolumu buraraq, məni paltardəyişmə otağına saldılar. Bəyəm, o polislər gücünü mənə göstərirlər?”

Qeyd edək ki, “Qarabağ”a məğlubiyyətə baxmayaraq, “Xəzər-Lənkəran” mayın 15-də “Bakı”nı məğlub edəcəyi təqdirdə, tarixində ikinci dəfə qızıl medallara sahib çıxacaq. Amma bu oyunda Kamran Ağayev meydana çıxa bilməyəcək. Buna səbəb onun sarı vərəqə alaraq, cəzalı vəziyyətə düşməsidir.