Bakıda “ləkələnmiş” məşqçi İngiltərədə ən yaxşı seçildi
11.05.2010 - 09:56
Bakıda “ləkələnmiş” məşqçi İngiltərədə ən yaxşı seçildi
İngiltərədə ilin ən yaxşı məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Londonun “Fulhem” klubunu Avroliqanın finalına çıxaran baş məşqçi Roy Hocson vətənində ən yaxşı çalışdırıcı adına layiq görülüb.

Təcrübəli ingilis mütəxəssis Peşəkar Məşqçilər Assosiasiyasının versiyasına əsasən 1-ci olub. Sorğuda 1-ci liqadan 4-cü liqayadək bütün klubların məşqçiləri iştirak edib.

Qeyd edək ki, Avroliqanın qalibi olmaq uğrunda İspaniyanın “Atletiko” klubu ilə görüşəcək Hocson 2007-ci ildən “Fulhem”i çalışdırır. 62 yaşlı məşqçi həmin ildə Azərbaycan yığması ilə rəsmi oyunda uduzduqdan sonra London təmsilçisinin sükanı arxasına keçib. Hocsonun 2007-ci ilin martında Finlandiya yığmasının çalışdırıcısı kimi Bakıda 0:1 hesablı məğlubiyyəti məşqçilik karyerasında ən uğursuz nəticələrdəndir.