Məmmədov qardaşları özlərinə yeni komanda tapdılar: İrana gedirik!
11.05.2010 - 11:29
Məmmədov qardaşları özlərinə yeni komanda tapdılar: İrana gedirik!
Azərbaycan yığmasının sabiq futbolçuları legioner həyatı yaşaya bilərlər. Apasport.az saytının məlumatına görə, Füzuli və Xaqani Məmmədov qardaşlarının yenidən ölkəmizi tərk edərək, İrana yollanacaqları realdır.

Son vaxtlar əvvəlki kimi sabit oynaya bilməyən Füzulinin "Xəzər Lənkəran"dan, Xaqaninin isə "İnter"dən ayrıldıqdan sonra işləri “düyün”ə düşüb. Hazırda hər iki futbolçu klubsuzdur. Onlar 3 gün öncə Yevlaxın "Karvan" klubundan ayrılıblar. Xaqaninin "İnter"lə müqaviləsi qüvvədə olsa da, bu komandanın formasını geyinəcəyi real görünmür. Çünki futbolçunun müqaviləsi daha biri illiyə uzadılan baş məşqçi Kaxaber Sxadadze ilə ciddi problemi var.

Xaqani Məmmədov məsələ ilə bağlı apasport.az saytına açıqlamasında İrana gedə biləcəyini təsdiqləyib: “İrandan dəvət var. Konkret olaraq, yüksək liqa klubu xidmətimdə maraqlıdır. Menecerlər mütəmadi əlaqə saxlayıb, vəziyyətimlə maraqlanırlar. Yəni, Azərbaycandan getməyim realdır".

Füzuli Məmmədov isə mümkün transferdən daha geniş və səlis danışıb: "Karvan"dan pulumuzu ala bilmədiyimiz üçün ayrıldıq. Orda qalmağın mənası yox idi. Hələ ki, Azərbaycandan heç bir klub mənimlə maraqlanmayıb. Əvəzində, İranda tanınmış menecer məni yüksək liqa klubuna dəvət edir. Əslində, maliyyə şərtləri də normaldır. Sadəcə, adam ailəsini də qoyub gedə bilmir. Artıq yaş o yaş deyil. Digər tərəfdən çörəkpulu qazanmaq üçün məcburuq ki, özümüzü ora-bura vuraq. Yəni, İrana getməyim olduqca realdır".

Qeyd edək ki, 33 yaşlı Füzuli ilə 34 yaşlı Xaqani 2002-2004-cü illərdə Təbrizin "Maşınsazi" klubunun formasını geyiniblər.