Stiv Maklaren: Əlvida, Vaqif Cavadov!
11.05.2010 - 13:09
Stiv Maklaren: Əlvida, Vaqif Cavadov!
Hollandiyanın “Tvente” klubunun baş məşqçisi Stiv Maklaren özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun da çıxış etdiyi Enshede təmsilçisinə tarixinin ilk çempionluğunu qazandıran ingilis mütəxəssis klubla vidalaşmaq qərarına gəlib.

Almaniya mətbuatının iddiasına əsasən o, artıq “Volfsburq”u çalışdıracaq. Bir sıra ingilis və alman klublardan təklif alan mütəxəssis seçimini bu klubun üzərində dayandırıb. Hazırda Maklarenin agenti alman klubu ilə imzalanacaq 3 illik müqavilənin detallarını razılaşdırır.

Qeyd edək ki, məhz Maklarenin baş məşqçiliyi dövründə Cavadov “Tvente”yə keçmişdi. Lakin 21 yaşlı hücumçu bu komandada hələ ki, debüt edə bilməyərək əvəzedici komandada sınanıb.