6 futbolçu “Neftçi”dən qovuldu
11.05.2010 - 13:12
6 futbolçu “Neftçi”dən qovuldu
Ardıcıl ikinci il avrokuboklardan kənarda qalan Bakının “Neftçi” klubu islahatlarla başlayıb. Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi rumıniyalılar - Adrian Neaqa, Marian Aliuta, türkiyəli Suat Usta, estoniyalı Taavi Rahn, Vladimir Voskoboynikov və uruqvaylı Valter Quqlemonla yollarını ayırıb.

Həmin futbolçular komandanın bu gün keçirdiyi məşqinə buraxılmayıblar. Bir neçə tur öncə serbiyalı Vladimir Miçoviç, türkmən Nazar Bayramov və kamerunlu Valentin Atem baş məşqçi Arif Əsədov tərəfindən əvəzedici heyətə göndərilmişdi. Klub rəhbərliyi bunun davamı kimi, son illər ərzində komandaya böyük ümidlərlə cəlb olunan, amma etimadı doğrultmayan daha bir neçə legioneri komandadan uzaqlaşdırmaq qərarına gəlib.

Qeyd edək ki, komandadan kənarlaşdırılan legionerlər arasında “Neftçi”də ən uzun müddətli oynayan Suat idi. 2008-ci ilin yayında transfer edilən “Qalatasaray”ın sabiq müdafiəçisi bu il əsas heyətdə yerini itirmişdi. İl yarım öncə gələn rumıniyalılardan Neaqa nəinki “Neftçi”nin, uzun müddət çempionatımızın bombardiri idi. Estoniya milli komandasının üzvlərindən Rahn ötən yay, Voskoboynikov keçən qış transfer olunub. Son vaxtlar ehtiyatda qalan bu cütlükdən müqaviləsi bitmək üzrə olan Vladimir hücumçu olsa da, cəmi 1 qol vurmuşdu. Ötən çempionatımızın bombardiri olan Quqlemon “İnter”dən fərqli, “Neftçi”də məhsuldar oyun göstərə bilmədi və əsas heyətdə yerini itirdi.