Vurğun Hüseynov: Milli komandanın müdafiə xəttindəki rəqabətdən qorxmuram
11.05.2010 - 13:27
Vurğun Hüseynov: Milli komandanın müdafiə xəttindəki rəqabətdən qorxmuram
“Milli komandaya çağırılmağım mənim üçün elə də gözlənilməz olmadı. Çünki yığmanın seleksiya xarakterli təlim-məşq toplanışında iştirak etmişdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun müdafiəçisi Vurğun Hüseynov deyib.

Azərbaycan yığmasının Avstriyadakı hazırlıq prosesinə aparılacaq 21 yaşlı futbolçu mayın 26-da Moldova, 29-da Makedoniya, iyunun 2-də Hondurasla yoldaşlıq görüşündə meydana çıxmaq, habelə Almaniyanın Frankfurt şəhərində tibbi müayinədən keçmək imkanı qazanıb. 21 yaşlılardan ibarət yığmamızın (U-21) üzvü olan Vurğun milli komandanın düşərgəsində olacağına görə çox sevinir: “İnanırdım ki, seleksiya xarakteri daşıyan toplanışdan sonra əsas yığmaya çağırılacağam. Çünki orada özümü ən yaxşı tərəfdən göstərmək üçün çox çalışdım. İndi bunu bəhrəsini görürəm. Milli komandaya dəvət almağım çəkdiyim zəhmətin nəticəsidir. Düzdür, baş məşqçi Berti Foqts seleksiya toplanışında məni seçdiyini hiss etdirmədi. Foqts sadəcə, məşqlər zamanı futbolçularla ümumi söhbət edir, bizlərə yol göstərirdi. O, bizim gələcəkdə yaxşı futbolçu olmaq üçün edilməsi lazım olan şeylərdən danışırdı. Çox yaxşı oldu ki, əsas yığmaya çağırıldım. Bununla nəhayət, “Qəbələ”nin də milli komandada futbolçusu oldu. Bütün bunlar məni sevindirir. Klubumu yığmada layiqincə təmsil etməyə çalışacağam”.

Milli komandamızda rəqabət böyük olan müdafiə xəttinə kapitan Rəşad Sadıqov başçılıq edir. Hüseynovun da təcrübəli həmkarı kimi müdafiənin mərkəzində oynaması heyətə düşmək işini çətinləşdirir. Ancaq debütant bu baxımdan bədbin yox, əskinə nikbin və iddialıdır: “Əlbəttə, yığmamızın müdafiə xəttində rəqabət böyük olduğu üçün heyətə düşmək çətindir. Ancaq bu, məni qorxutmur. Əsas məsələ yığmaya çağırılmaq yox, oynamaqdır. Mən də buna çalışıb, yalnız hazırlıq prosesində iştirakla kifayətlənmək fikrində deyiləm. İnşallah, nə vaxt mənə yaxşı şans versələr, özümü ən yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edəcəyəm. Qarşıda növbəti seçmə mərhələ gəlir və bu, yoldaşlıq görüşləri son sınaq oyunlarıdır. Mənim də həmin görüşlərə çağırılmağım yaxşı bir şansdır. Bundan maksimim istifadə edib, yığmada möhkəmlənmək istəyirəm. Əslində, rəqabət böyük olması yaxşıdır. Çünki bu, bizim inkişaf baxımından xeyimizə olan amildir və həmin vaxt komanda daha yaxşı oynayır”.

U-21-mizin avstriyalı həmyaşıdları ilə cari seçmə mərhələdə səfərdə keçirdiyi rəsmi oyunda qapıda durmalı olan Vurğun bu mövqedə də bacarığını göstərməyə imkan tapıb. Milli komandamızın əsas qapıçısı Kamran Ağayevin cərrahiyə əməliyyatı olunmasının mümkünlüyü ilə əlaqədar hazırlıq prosesindən kənarda qala və “çərçivə”də problemlər yarana bilər. Hüseynov yenə qapıda durmağa həvəsli olmasa da, sinəsini kənara da çəkmir: “Mənim əsas mövqeyim müdafiədir. Sadəcə, U-21-nin oyununda qapıçımız qırmızı vərəqə alaraq meydanda çıxarılmış və ehtiyatda onu əvəzləyən olmadığı üçün “çərçivə”ni qorumalı olmuşdum. Gələcəkdə milli komandamız çətin vəziyyətdə qalarsa, istənilən mövqedə oynamağa hazıram”.