“Yoldaşıma söz vermişdim, “Tvente”də 2 il qalacağıq”
11.05.2010 - 14:56
“Yoldaşıma söz vermişdim, “Tvente”də 2 il qalacağıq”
İngiltərə yığmasının sabiq baş məşqçisi Stiv Maklaren iş yerini dəyişəcəyi ilə bağlı xəbərləri təsdiqləyib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Vaqif Cavadovun da çıxış etdiyi Hollandiyanın “Tvente” klubu ilə ölkə çempionu olan ingilis mütəxəssis karyerasını Almaniyada davam etdirəcəyini bəyan edib. “Volfsburq” klubunu “sükanı arxasına” keçəcəyi gözlənilən Maklaren bunu belə izah edib: “Mən “Tvente”də iki möhtəşəm il keçirdim. Enshede macəralarımın sonu fantastik alındı. Bu kluba gələndə həyat yoldaşım və uşaqlarıma söz vermişdim ki, burada iki il qalacağıq. İndi biz Almaniyaya gedirik”.

Baş məşqçi dəyişikliyi Vaqifin də karyerasına ciddi təsir edə bilər. Yeni çalışdırıcı Maklarenin güvənmədiyi futbolçumuza etimad da göstərə, komandadan xaric də edə bilər.

Qeyd edək ki, “Volfsburq”un mətbuat xidməti də Maklarenin baş məşqçi təyinatını təsdiqləyib. Klubun rəsmi internet saytı mütəxəssislə yeni müqavilənin imzalandığını, ingilisin 2012-ci il iyunun 30-dək bu postda çalışacağını açıqlayıb.