Suat Usta: Bəlkə, “Neftçi” ilə müqaviləni artırdım
11.05.2010 - 15:37
Suat Usta: Bəlkə, “Neftçi” ilə müqaviləni artırdım
“Klub prezidenti Sadıq Sadıqovla görüşənədək komandadan xaric olunmağımla bağlı nəsə deyə bilmərəm. Məsələyə prezidentlə görüşdə aydınlıq gətirilməsini istəyirəm. Yalnız bundan sonra nə edəcəyimlə bağlı qərar verəcəyəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubundan kənarlaşdırılan türkiyəli futbolçu Suat Usta deyib.

28 yaşlı legioner adının klubdan qovulan 6 futbolçu sırasında olmasına münasibət bildirməyə tələsmir. Suat “Neftçi”nin prezidenti Sadıq Sadıqovla görüşənədək, qeyri-müəyyənlik içində qalacağını açıqlayıb: “Nə mən, nə də menecerlərim hər hansı klubla danışıqlar aparmışıq. Çünki hələ “Neftçi”yə bağlıyam. Bu komanda ilə tam ayrılmayana kimi, heç bir təklifi müzakirə etmək fikrim yoxdur. “Neftçi” kimi klubla anlaşmam qala-qala, başqası ilə danışıq aparmaq mənə yaraşmaz. Düzdür, müqaviləm mövsümün sonunda bitir. Yəni, qısa müddətdən sonra anlaşmamız qurtarır. Lakin kim bilir, bəlkə müqaviləni uzadacağıq. Hər halda, bu istisna deyil. Hər şey prezidentlə görüşdə həll olunacaq”.

Qeyd edək ki, bu gün verilən qərara əsasən, Suatla yanaşı Vladimir Voskoboynikov, Taavi Rahn, Adrian Neaqa, Marian Aliuta və Valter Quqlemon klubdan qovulub.

Vüqar XEYRULLAYEV