A seriyasının futbolçusu “Neftçi”də!
11.05.2010 - 23:09
A seriyasının futbolçusu “Neftçi”də!
Bakının “Neftçi” klubu ilk transferlərini reallaşdırmağa hazırlaşır. Bu barədə apasport.az saytına komandanın prezidenti Sadıq Sadıqov məlumat verib. Onun sözlərinə görə, iki braziliyalı futbolçunun keçidinin yalnız rəsmiləşməsi qalıb.

“3-4 braziliyalı futbolçu ilə danışıqlar gedir. Aldığım məlumata görə, onlardan ikisi ilə demək olar tam razılaşıblar. Hazırda Braziliyada olan nümayəndəmiz mənə bildirib ki, danışıqlar 99 faiz həll olunub. Yalnız kiçik detallar qalıb ki, o da Allahın köməyi ilə bu günlərdə həll olunar. Həmin legionerlərdən biri Braziliyanın A seriyasında oynayır. Digəri Portuqaliyada oynayan braziliyalı yarımmüdafiəçidir” – deyə Sadıqov bildirib.

Qeyd edək ki, “Neftçi” klubunun seleksiyaçı məşqçisi Bəxtiyar Musayev ötən ayın sonundan Braziliyadadır. Sadıqovun sözlərinə görə, məqsəd Braziliyanın A seriyası ilə yanaşı, hansısa ölkənin milli komandasında oynayan futbolçunu kluba gətirməkdir: “Ancaq həmin səviyyəli legionerləri tapıb, keçidini həll etmək böyük problemlər yaradır. Arxı tullanmamış, “hop” demək düzgün deyil. Qabaqcadan ad çəkmək istəmirəm, sonra alınmasa, yaxşı çıxmaz”.