“Arazın İngiltərəyə getməsi, futbolumuzun inkişafı deməkdir”
11.05.2010 - 23:13
“Arazın İngiltərəyə getməsi, futbolumuzun inkişafı deməkdir”
“Araz Abdullayevin bəzi problemləri var idi, onu da həll etdik. İngiltərədən “Everton” klubunun nümayəndələrini gəlməsini gözləyirik ki, oturub danışıqlar aparaq. İstəyimiz odur ki, bu məsələni tam şəkildə həll edək”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.

İngiltərənin “Everton” klubu “Neftçi”nin və Azərbaycan yığmasının 18 yaşlı yarımmüdafiəçisi Araz Abdullayevə görə hələ iki ay öncə rəsmi təklif göndərsə də, sonradan xəbər-ətər yoxdur. Sadıqovun sözlərinə görə, Arazın məsələsinə yeganə problem ingilislərin hələ də ölkəmizə gəlməməyidir: “Biz tərəfdən hər bir şey qaydasındadır. Sadəcə, “Everton” nümayəndələrinin gözləyirik. İngilislər səfərlərini bir az uzatdıqları üçün məsələ hələlik açıq alıb. Hər halda, elə bir problem yoxdur. Aldığımız son məlumata görə, mayın 15-dən sonra gələcəklər. Bizə belə deyiblər. Abdullayevin İngiltərəyə getməsi futbolumuzun inkişafı deməkdir”.

Abdullayevlə “Everton”a qədər ciddi maraqlanan Rusiyanın “Rubin” klubu hətta futbolçunu baxışa çağırmışdı. Futbolçumuz sınaqdan keçdikdən sonra məsələ müqavilə bağlanması səviyyəsinə çıxmış, hətta “Neftçi”nin prezidenti Kazan şəhərinə dəvət olunmuşdu. “Rubin” variantının artıq tam qüvvədən düşdüyünü deyən Sadıqov buna aydınlıq gətirib: “Rusiyada gələn menecerlə danışıq apardım. Son sözü belə oldu ki, mən Arazı aparıram, ancaq ola bilsin ki, heç oynatmadım, yaxud əvəzedici heyətə düşəcək, bəlkə heç ora da düşmədi. Bir ildən sonra futbolçumuzu başqa klub satacaq. Mən baxdım ki, bunlar kommersiya baxımından gəliblər, Arazın keçidinə sırf qazanc kimi baxırlar. Həmin ərəfədə İngiltərə variantı yarandığı üçün Rusiyaya gedişinə razılıq vermədim. Gördüm ki, “Everton” təklifi “Rubin”dən çox güclüdür. Araz onlara oyunçu kimi lazımdır, alver baxımından yox. Ona görə də rusiyalını yola saldım və dedim ki, bizimki səninlə tutmaz”.