“Qəbələ” klubunun böyük iddiaları var!”
12.05.2010 - 10:56
“Qəbələ” klubunun böyük iddiaları var!”
“Komandamızın böyük iddiaları var. Bu baxımdan hazırkı layihə komandanın, stadionun, akademiyanın, idmanımızın və bizim işimizin kommersiya tərəfinin inkişaf etdirilməsi mərhələsində həlledicidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun prezidenti Tale Heydərov deyib.

Bu gün yeni baş məşqçinin təqdimat mərasimində iştirak edən Heydərov idarəçiliyə ingilis mütəxəssislərin cəlb olunmasının vacibliyini belə izah edib: “Savyerinittonun klubumuzun icraçı direktoru təyin olunması bizim müasir Avropa klubuna çevrilməyimizi sürətləndirəcək. “Qəbələ” Futbol Klubunun brendi müxtəlif təşkilatlar üçün korporativ əməkdaşlıq, lisenziyalaşma, sponsorluq, pərakəndə satış kimi kommersiya imkanları təklif edəcək”.

Klub rəhbərinin fikrincə, bölgədə futbola marağın yaradılması ilə artıq böyük bir iş görülüb: “2005-ci ildə əsası qoyulan “Qəbələ” klubu Azərbaycanda yeni bir addır. Son 4 mövsümdə Premyer Liqada çıxış etsək də, mükafatçılar sırasına daxil ola bilməmişik. Bununla belə, bəzi nailiyyətlər əldə etmişik. Ən böyük uğurumuz Qəbələyə futbolu gətirmək olub. Burada futbola böyük maraq yaranıb. Bu da gələcək inkişaf üçün minimum faktordur. Əsas məsələ uzun müddətli peşəkar inkişafdır”.

Heydərov uşaq futbolunda əldə olunan uğurların inkişafın təməli olacağını düşünür: “Bunun təməli uşaq futbolunun yaradılması və inkişaf etdirilməsidir. Bunu nəzərə alaraq, Azərbaycanda uşaq futbol akademiyasını yaradan ilk klub olduq. Bura başda Əli Yavaş olmaqla, “Qalatasaray”dan mütəxəssislər dəvət etdik. Həmin müddətdən artıq il yarım keçib. Həmin qərarımızdan həddən artıq razıyıq. Belə ki, bizim U-13, U-15 və U-17 liqalarında çıxış edən komandalarımız çempionluğa əsas namizədlərdəndir. Yeddi futbolçumuz müxtəlif yığmalara cəlb olunur, ona yaxını isə namizəddir. Apreldə Türkiyədə beynəlxalq turnirdə çıxış etdik. Orada tanınmış klublar da mübarizə aparırdı. Ən ümid verici komandaya verilən mükafata sahib çıxdıq. Ən vacibi peşəkar infrastrukturun yaradılmasıdır. Bu məqsədlə uzun müddət İngiltərənin “Everton” klubunda çalışmış Alastair Savyerimuttonu kluba dəvət etmişik. Ümid edirik ki, onunla uğur qazanacağıq”.

Mehman SÜLEYMANOV
Vüqar XEYRULLAYEV