Toni Adams: “Qəbələ” klubunu insanlara görə seçmişəm - YENİLƏNİB
12.05.2010 - 11:22
Toni Adams: “Qəbələ” klubunu insanlara görə seçmişəm - YENİLƏNİB
“Mən bu cür fantastik layihəyə qoşulduğum üçün həddən artıq razıyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun yeni baş məşqçisi Toni Adams deyib.

İngiltərə futbolunun əfsanəvi kapitanı bu dəqiqələrdə keçirilən təqdimat mərasimində yeni posta təyinatına münasibət bildirib: “Artıq işə başlamağı düşünürəm. Bu imkandan istifadə etmək və klubu ən yüksək standartlar səviyyəsinə qaldırmaq mənim üçün böyük bir şərəfdir. Biz həqiqətən də tarix yaradırıq”.

Adams İngiltərənin “Portsmut” klubundan narazılıqla ayrıldıqdan sonra yenidən baş məşqçiliyə qayıtmasının səbəbsiz olmadığını açıqlayıb: “Mən “Qəbələ”ni insanlara görə seçmişəm. “Portsmut”dan ayrılanda qərara almışdım ki, təmiz insanlarla çalışmalıyam. “Qəbələ”də Tale Heydərov, Fariz Nəcəfov, yeni icraçı direktorun simasında buna gördüm. Buna görə də təklifi məmnuniyyətlə qəbul etdim. Artıq futbol akademiyası ilə də tanış olmuşam. Məndə böyük təəssürat yaranıb. Əli Yavaşın bu yöndə gördüyü işlər böyükdür. Əminəm ki, bu da öz bəhrəsini verəcək”.

Komandadakı durumla tanış olan Adams gördüklərindən razıdır: “İndi çox həyəcanlıyam. Səbirsizliklə işə başlayacağımız anı gözləyirəm. Komandanın iki oyununu izləmişəm. Hətta ehtiyat komanda və 17 yaşlılarla da tanış olmuşam. Təəssüratlarım çox yaxşıdır. Həm heyət, həm klubdakı təşkilatı məsələlər məndə əminlik yaradıb ki, işlərimiz yaxşı olacaq. Burada çalışmaq mənim üçün unikal, nadir bir fürsətdir. Bu bizim üçün böyük bir inqilab, bir tərəqqi olacaq. Bütün qüvvələrimizi səfərbər edəcəyik ki, qələbə qazanaq, nəticə əldə edək”.