“Bakı”nı çalışdıra biləcək məşqçilərin siyahısı
12.05.2010 - 23:09
“Bakı”nı çalışdıra biləcək məşqçilərin siyahısı
“Baş məşqçi məsələsinə qarşıdakı iki oyundan sonra aydınlıq gətirəcəyik. “Xəzər-Lənkəran”la həm çempionatın son turunda, həm də Azərbaycan kubokunun finalında görüşümüz var. Hazırkı çalışdırıcımız Cüneyt Biçərin postunda gələcək taleyi də həmin vaxt bilinəcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov deyib.

Son ölkə çempionunun gələn mövsüm üçün yeni baş məşqçi gətirəcəyi gözlənilir ki, onun kimliyi böyük maraq doğurur. Əldə etdiyimiz məlumata görə, Kot D’Iuvar yığması, “Trabzonspor”, PSJ kimi klubları çalışdırmış tanınmış bosniyalı mütəxəssis Vahid Həlilhociç namizəddir: “Həqiqətən də Həlilhociç bizə təklif olunub. Ancaq nəinki onunla, heç bir mütəxəssislə danışıqlar aparmamışıq. Bizim üçün mövsüm hələ bitməyib. Qarşıdakı iki vacib oyunumuz var. İndi bütün diqqətimizi “Xəzər-Lənkəran”la həmin görüşlərə yönəltmişik. Ancaq həqiqətən də bizə çoxlu təkliflər var. Elə gün yoxdur ki, mənə müxtəlif menecerlər zəng edib, baş məşqçi və futbolçu təklif etməsin”.

Baş menecer digər namizədlərdən bir çoxunun adını açıqladı: “Bunlar arasında məşhur məşqçilər var. Misal üçün, Xavyer Klemente, Lotar Matteus, Slobodan Muslin, Alan Jiress, Filipp Trussye və tanınmış çalışdırıcıların xidməti bizə təklif olunub. Postsovet məkanından isə bunların sayı daha çoxdur. İqor Dobrovolski, Leonid Kuçuk və başqaları”.

Məmmədov cari mövsümün sonuna qədər anlaşdıqları türkiyəli Biçərin klubda əvvəlki vəzifəsinə qayıdacağını istisna etmir: “Hər şey ola bilər. Baş məşqçi məsələsi prezidentimiz Hafiz Məmmədovdan asılı olacaq. O, yekun qərar verəcək. Hansı mütəxəssis şərtlərimizlə razılaşacaqsa, onunla da müqavilə imzalayacağıq”.

Qeyd edək ki, 35 yaşlı Biçər ötən ildən “Bakı”da işləyir və baş məşqçi postuna gəlişinə kimi aşağı yaş qruplarında çalışıb.