6 azərbaycanlı futbolçu türk klubunda oynayacaq
13.05.2010 - 01:18
6 azərbaycanlı futbolçu türk klubunda oynayacaq
Vaxtilə Türkiyənin “Kayserispor” və “Kayseri Ərciyyəspor” klublarında oynamış azərbaycanlı futbolçu İlqar Nəbiyevin apasport.az saytına müsahibəsi

- "Kayserispor"dakı karyeranız niyə alınmadı?
- Düzü, məni ora Ərtoğrul Sağlam gətirmişdi. O, komandadan ayrılandan sonra klub meneceri ilə müəyyən problemlərim yarandı. Sonradan icarə əsasında "Kayseri Ərciyəsspor"da oynamağa başladım. Elə oldu ki, orda da zədələndim və zədədən qayıdandan sonra baş məşqçiyə özümü tam göstərə bilmədim. Çünki zədəli olduğum müddətdə komanda artıq formalaşmışdı. Odur ki, dedim, ehtiyatda qalmaqdansa, gəlib, Azərbaycanda da olsa, futbol oynayım.

- Azərbaycanlı futbolçuların ən böyük problemi ölkədən kənarda qala bilməməkdi. Sizdə belə bir problem yox idi ki?
- Qətiyyən. Sadəcə, valideynlərim həyatda yoxdur. Qardaş və bacımın yanında adam yox idi deyə, onları tək qoymamaq üçün qayıtmalı oldum. Yoxsa, qalıb oynaya bilərdim.

- Futbolsuz qaldığınız müddətdə nə işlə məşğul olmusunuz?
- Ali təhsilliyəm və bir ara ixtisasım üzrə işləmək istədim. Hətta iş təklifləri belə, var idi. Sadəcə, futboldan uzaq qala bilmədiyim üçün elə, bu təsərrüfatda çalışmağı üstün tutdum. Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və eyni strukturda şöbə müdiri vəzifəsində çalışan Elşən Mustafayevin dəstəyi ilə Yasamalda "Gücbirliyi Yasamal" komandasını yaratdıq. Çox sağ olsunlar, komandaya hər cür mənəvi və maddi kömək göstərirlər. Biz də əlimizdən gəldiyi qədər onların ümidlərini doğrultmağa çalışırıq.

- Hansı çempionatda mübarizə aparırsınız?
- Əslində, birinci dəstəyə komanda çıxarmaq fikrimiz var idi. Bunun üçün hər bir imkanı yaratmışdılar, sadəcə, vaxt məsələsində çatdıra bilmədik deyə, həvəskarlar liqasında yarışmalı olduq. İndi Ələkbər Məmmədovun şərəfinə keçirilən turnirdə finala qədər yüksəlmişik. İnşallah, son matçımızı da qazanıb, çempion olmaq istəyirik. Digər tərəfdən U-13 liqasında mübarizə aparan 6 futbolçumuzu "Kayseri Ərciyəsspor"a göndəririk. Yəni, onlar özləri bu futbolçuları görüblər, oyunlarını bəyəniblər və istəyirlər.

- Həmin futbolçuların adlarını deyə bilərsiniz?
- Elmin Ağayev, Əhliman Məmmədov, Elçin Osmanov, Elmar Əliyev... Bir də Firudin Paşalı.

- Nə vaxt yola düşürlər?
- İyulda.

- Baxışa gedirlər, yoxsa müqavilə imzalamağa?
- Orada qalıb, oynamağa gedirlər.

- Yəqin, bu futbolçuların oraya getməsində əlaqələrinizdən istifadə etmisiniz?
- Bəli. Amma inanın, bu futbolçuların getməsində heç bir maddi iddiam-filan yoxdur. Hətta İcra Hakimiyyətinin başçısı İbrahim müəllim öz cibindən onların bilet pulunu və digər bütün xərclərini ödəyir. Onun yeganə istəyi onların yüksək səviyyəyə çatıb, gələcəkdə Azərbaycan futboluna xeyir verməsidir. Odur ki, uşaqların, onların ailələrinin bir qəpik belə, xərcə düşməsinə imkan vermir. Bütün xərcləri özü qarşılayır.

- Futbola qayıtmaq niyyətində deyilsiniz?
- Əslində, "Turan"da baxışda oldum və bəyəndilər, sadəcə, “transfer pəncərəsi”nin bağlanmasına bir gün qalmışdı deyə, müqavilə imzalamaq üçün vaxt yetmədi.

- Bəs, fikriniz nədi, futboldan uzaqlaşacaqsınız?
- Yox, niyə ki? "Alanyaspor"dan təklif almışam. Komandanın baş məşqçisi Şənər hoca özü zəng vurub, dəvət etdi. Biz onunla daha əvvəldən tanışıq. "Kayseri Ərciyəsspor"da oynayanda da oyunumu görüb, bəyənib, indi öz komandasında görmək istəyir.

- "Alanyaspor" ikinci liqada yarışır?
- Bəli. Düzü, əvvəlcə məhz bu səbəbə görə təklifi qəbul etmək istəmirdim, amma Alanyanın gözəl, turist şəhəri olduğunu düşünəndə, fikrimi qətiləşdirdim və qərara aldım ki, təklifi qəbul edim.

- "Gücbirliyi Yasamal"ın şəraiti necədir?
- Düzünü desəm, bizdə olan şərait heç bir birinci dəstə komandalarında yoxdur. İbrahim müəllim sağ olsun, bizim üçün hər bir şəraiti yaradıb. Stadionumuz, bazamız, maddi təminatımız da öz yerində. Yəni futbol oynamaq üçün hər bir şəraitimiz var. Siz bizim formalarımızı görsəniz, komanda üçün yaradılan şəraitin miqyasını təxmin edə bilərsiz. Çox vacib planlarımız var. Türkiyədən mütəxəssislərlə danışmışıq, inşallah dəvət edəcəyik, futbolumuza xeyir vermək üçün onların da xidmətlərindən yararlanacağıq.

- Komandanı yaratmaqda məqsəd nədir?
- Məqsədlərimiz böyükdür. İbrahim müəllim birinci dəstədə yarışacaq komanda yaradıb, vaxt keçdikcə, daha peşəkar addımlar atmaqla gələcəkdə futbolumuza xeyir verə biləcək işlər görmək istəyir. Özü final oyununda da iştirak etmək fikrindədir və artıq növbəti ildən komandanı birinci dəstəyə buraxmaq niyyəti var. Sonradan ya bir, ya da iki il içində Premyer Liqaya yüksəlmək planımız var.