Qurban Qurbanov: Onun rəngi tez dəyişdi
13.05.2010 - 15:20
Qurban Qurbanov: Onun rəngi tez dəyişdi
Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi

- “Altılığ”ın ilk turlarında komanda zəif çıxış edirdi. Sona 1 tur qalmış yenə çempionluq uğrunda mübarizəyə qoşulacağınızı gözləyirdinizmi?
- Əlbəttə, komandamızda qarşılıqlı inam həmişə olub. Son 3 turda yaxşı nəticələr qazandıq. “Qəbələ”yə qarşı da pis oynamamışdıq. Sadəcə, əlimizə düşən imkanlardan düzgün istifadə edə bilməmişdik və bir xalla kifayətlənmişdik.

- Komandanızın çempion olmaq şansı nə qədərdir?
- Futbolda gözlənilməz heç nə yoxdur. Güclü oynadığın halda uduza, zəif oynadığın halda, uda bilərsən. Turnir cədvəlinə nəzər salsaq, "Xəzər Lənkəran"ın şansı daha yüksəkdir. Amma ümidimizi itirməmişik. Hər halda, kimin neçənci yeri tutmasının müəyyənləşməsinə çox az qalıb.

- “Qarabağ”la oyundan öncə “Neftçi”nin heyətində ciddi islahatlar aparılıb. Bu, sizin işinizi yüngülləşdirən amildirmi?
- Elə deməzdim. Gəlin, heyətdən uzaqlaşdırılan futbolçuları analiz edək. Adrean Neaqadan başqa, digər beşi - Valter Quqlemon, Vladimir Voskoboynikov, Taavi Rahn, Marian Aliuta və Suat Usta son zamanlar oynamırdılar. Odur ki, "Neftçi"nin bizə qarşı əvəzedici heyətlə mübarizə aparacağını deyə bilmərik. Əsas heyətdə daim yer alan Dmitri Kruqlov, Valeri Abramidze, Paulis Qribauskas və digərləri hazırda da bu klubun şərəfini qoruyurlar.

- Artıq “Neftçi”nin heç bir iddiası qalmayıb. Demək olarmı ki, paytaxt təmsilçisi sizə qarşı həvəssiz mübarizə aparacaq?
- Mən ilk növbədə öz futbolçularımız barədə danışım. İnanmıram ki, oyunçularda nəsə arxayınlıq yaransın. Çünki bu oyunda qazanılacaq nəticə önəmlidir. Amma rəqib futbolçuların daha həvəslə mübarizə aparacağı qənaətindəyəm. Çünki onlar özlərini daha yaxşı göstərməyə çalışacaqlar. Həm də, "Neftçi"nin ad-sanı var. Məncə, onlar bizimlə oyuna səthi yanaşmazlar.

- Rəqib iddiasını itirsə də, sizin avrokuboklarda çıxış edəcəyiniz dəqiqləşib. Ötən ilki uğurlu çıxışdan sonra, yəqin ki, üzərinizə böyük məsuliyyət düşəcək...
- Tamamilə razıyam. Biz yükün ağırlığını dərk edirik. Məncə, pillə-pillə düşünsək, daha yaxşı olar. Əvvəlcə, “Neftçi” ilə oyunun planlarını cızaq, sonra bu barədə danışarıq.

- Avrokuboklara düşdüyünüzdən, çox güman ki, hazırkı heyəti qorumağa çalışacaqsınız...
- Heyətlə bağlı problemlərimiz hələ də var. Təəssüf ki, Əfran İsmayılov uzun müddətə sıradan çıxıb. Heç 2-3 həftəyə oynayacağı dəqiq bilinmir. Yaxşılaşsa belə, yəqin ki, avrokuboklarda bizə kömək edə bilməyəcək. Rəşad Sadiqovla da bağlı vəziyyət yaxşı deyil. O da ciddi xəsarət almışdı. 1 həftədən sonra yüngül qaçışlara start verəcək. Hər halda, hazırkı heyət üzvlərinin çoxu ilə müqavilənin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub. Müqaviləsi başa çatanlarla isə söhbət edəcəyik. Ola bilsin ki, komandadan ayrılan futbolçular olsun. Amma bu barədə hələlik konkret heç nə deyə bilməyəcəyəm.

- Bəs, indidən komandaya cəlb etmək istədiyiniz futbolçular varmı?
- Əgər istədiyimiz yerli futbolçuların keçidi alınmasa, onda legionerlərin xidmətindən yararlanmalı olacağıq. Bizim heyəti gücləndirməyə ehtiyacımız olacaq.

- Rəşad Sadıqovun Türkiyədə çıxış etmək arzusunda olduğunu bilirik. Onun komandadan ayrılması realdırmı?
- Rəşadla bu barədə ciddi söhbətim olmayıb. Əlbəttə, müzakirələr aparmışıq. Amma konkret nəticəyə gəlməmişik. Sadıqovun bu gün komandadan getməsi müzakirə mövzusu deyil. Yəqin ki, hələ real təklif almayıb. Bəlkə də, maraqlananlar olub, amma bu o qədər də ciddi deyil.

- “Xəzər Lənkəran”la oyunda Sadıqovu yarımmüdafiədə oynatdınız və bəhrəsini gördünüz. Gələcəkdə də belə etməyi düşünürsünüzmü?
- Hansısa futbolçunun müxtəlif yerlərdə oynaya bilməsi, onun üstünlüyüdür. Bəli, Rəşadı yarımmüdafiədə oynatdım. Onun “Qarabağ”da və yığma komandada əsas mövqeyi isə müdafiənin mərkəzdir. Gələcəkdə də öz mövqeyində çıxış edəcək. Əgər ehtiyac yaranarsa, onu yenə yarımmüdafiəyə qədər gətirə bilərəm.

- “Xəzər-Lənkəran”la görüşdə bəzi qaranlıq məqamlar oldu. Vüqar Nadirovun meydançaya daxil edilib, sonradan əvəzlənməsinə səbəb nə idi?
- Nadirov son məşqlərdə və oyunlarda özünü yaxşı tərəfdən göstərirdi. Həmin an bizə sürəti lazım olduğu üçün Vüqar meydançaya buraxdım. Amma oyundan bir neçə gün öncə, eləcə də həmin gün müəyyən nasazlığı vardı. Oyuna girdikdən sonra bunlar yenə baş qaldırdı. Hiss elədim ki, Vüqarın rəngi 5-7 dəqiqədən sonra dəyişib. Odur ki, onu Aslan Kərimovla əvəzlədim. Oyundan sonra söhbətimiz oldu. Hazırda səhhəti yaxşıdır və komanda ilə birgə fəal məşqlərə qatılır.

- Milli komandaya yenə də ən çox oyunçu “Qarabağ”dan çağırılıb...
- Bu, bizim üçün şərəfdir.

- Bəs, futbolçularınızın çempionat bitikdən sonra dincəlmək əvəzinə məşq etməsi sizi narahat etmir?
- Başqa çıxış yolumuz yoxdur. Yığma üçün biz də çalışmışıq, indikilər də yolumuzla getməlidirlər. Bir ölkənin vətəndaşı mütləq millisinə xeyir verməlidir. Razıyam ki, qrafikləri sıxdır. Amma onların dincəlməsinə imkanı yaradacağıq. Millinin düşərgəsində olan futbolçular bizim hazırlığımıza gec qoşulacaqlar.