Cüneyt Biçər: Mən bu barədə danışmağı sevmirəm - MÜSAHİBƏ
14.05.2010 - 17:24
Cüneyt Biçər: Mən bu barədə danışmağı sevmirəm - MÜSAHİBƏ
“Bakı” klubunun türkiyəli baş məşqçisi Cüneyt Biçərin apasport.az saytına müsahibəsi

- Unibank Premyer Liqasının sonuncu turunda “Xəzər-Lənkəran”la sabahkı oyun haqda nə düşünürsünüz?
- Təbii ki, bu səfər qarşılaşması bizim üçün çox önəmlidir. Çempionluq oyunudur, qazanmaq şansımız davam edir. “Xəzər-Lənkəran”ı məğlub etsək, qızıl medallara sahib çıxa bilərik. Sözsüz ki, bu, digər oyunların nəticəsindən asılıdır. Komandamız Lənkərandakı görüşə hazırdır.

- Lənkəran stadionuna ilk dəfə baş məşqçi kimi çıxacaqsınız. Bu arenada güclü azarkeş dəstəyinə malik “Xəzər-Lənkəran” yaxşı oynayır və qonaq komanda üçün qələbə qazanmaq çox çətindir. Cari mövsümdə heç kim buna nal olmayıb və lənkəranlılar evdə sonuncu məğlubiyyəti bir il öncə alıb...
- “Qarabağ”la səfər oyun öncəsi də eyni hal yaranmışdı. Ancaq Ağdamda görüşdə 4:1 hesablı inamlı qələbə qazandıq. Bu, futboldur və səfərdə rəqibin güclü dəstəyi, çoxlu azarkeşlər qarşısında oynamalı olursan. Yenə rəqib meydanında belə halla üzləşəcəyik. Ancaq önəmli olan yaxşı oynamaqdır. İnanırıq ki, Lənkəranda qələbə qazana bilərik.

- “Xəzər-Lənkəran”la daha sonra Azərbaycan kubokunun finalında qarşılaşacaqsınız. Bu görüşlərə fərq qoyursunuzmu?
- Bunun mənim, bizim üçün fərqi yoxdur. Hər ikisi eyni dərəcədə vacibdir. Hər ikisini qazana bilərik. Biz komanda olaraq, bunu düşünürük. İkisini də qazanmaq bizim üçün çox gözəl olardı. Gəzən söz-söhbətlərin doğru olduğunu düşünmürəm. Əsas odur ki, biz Lənkərana qələbə qazanmağa gəlmişik. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Mənim üçün hər iki turnirdə qalib olmaq imkanı var və bu mənada “Xəzər-Lənkəran”la görüşlərin ikisi də çox önəmlidir.

- Çempionluğu qazanmaq üçün təkcə “Xəzər-Lənkəran” üzərində qələbə yetərli deyil. Yəni, “İnter”lə “Qarabağ” xal itirməlidir. İddiası qalmayan, avrokuboklardan kənarda qalan “Qəbələ” ilə “Neftçi”nin buna nail olacağına inanırsınız?
- Təbii ki, “İnter” – “Qəbələ” və “Neftçi” – “Qarabağ” görüşlərinin nəticəsi bizim üçün çox önəmlidir. “Qəbələ” “altılıq”da bir çoxlarını büdrətdi, bizdən 4 xal aldı. “Neftçi”ni də Bakıda yendi. Niyə də “İnter”i büdrətməsin? Hər kəs meydana qələbə qazanmaq üçün çıxır. “Altılıq”da bütün komandaların bir-birindən xal almaq şansı var. Mən buna inanıram.

- “Neftçi” “Qarabağ”la oyun öncəsi heyətində ciddi islahatlar apararaq, 6 legionerini komandadan qovdu. Son turda daha çox gənc futbolçulara bel bağlayacaqlar...
- Mənim bu haqda nəsə deməyim düzgün çıxmaz. Bu, özlərinə aid qərardır.

- Heyətinizdə itkilər sizə problem yarada bilərmi?
- Əvvəlki oyunlarda da heyətlə bağlı problemlərimiz olub. Ancaq bu haqda danışmağı sevmirəm. Hamı oyuna hazırlaşır və hansısa futbolçuların yoxluğu haqda xüsusilə danışmaq digərlərinə bir az hörmətsizlik olar. Çünki hamı komandanın üzvüdür. Düzdür, Fabio Luis Ramim, Gürşad Duymuş, Vyaçeslav Sofronidə problemlər var. Ancaq digər, bütün futbolçularıma güvənirəm.

- “Xəzər-Lənkəran”ın heyətində itkilər var. Əsas qapıçıları Kamran Ağayev, slovakiyalı mərkəz müdafiəçiləri İvan Pexa cəza üzündən oynamayacaq. Milli komandamızın da əsas qapıçısı olan Kamranın yoxluğunu üstünlük sayırsınızmı?
- Əlbəttə, Kamran yaxşı futbolçudur. Bu ölkənin milli komandasının birinci qapıçısıdır. Ağayevin meydanda olması, lənkəranlılar üçün üstünlükdür. Ancaq “Xəzər-Lənkəran”da digər qapıçının oyununu görmədiyim üçün şərh etmək istəmirəm.

- Bombardiriniz Jaba ailə problemlərinə görə Braziliyaya qayıtmayıb ki?
- Yox, bizimlədir. O, komandamızın heyətində sabahkı oyuna hazırlaşır.

- Qapıda kimi duracağını müəyyənləşdirmisiniz? Xalidu Sissokonu “çərçivə”yə qaytaracaqsınız, yoxsa yenə Marko Şarliyaya güvənəcəksiniz?
- İndi bu haqda bir şey söyləmək istəmirəm. Oyun saatında hamı heyətimizi görəcək.

- “Bakı” ilə müqaviləniz mövsümün sonuna kimi nəzərdə tutulub. Bu mənada “Xəzər-Lənkəran”la oyun şəxsən sizin üçün böyük əhəmiyyət kəsb etməlidir. Yəni, yaxşı nəticə olsa, rəhbərlik tərəfindən yeni mövsüm üçün də etimad, şans qazana bilərsiniz...
- Mən komandanın sükanı arxasına gələndə vəziyyət yaxşı deyildi. Ancaq bununla belə, son iki ayda komanda üçün önəmli işlər gördüyümüzə inanıram. Təbii ki, liqanın son həftəsində çempionluq iddiasını saxlamaq, kubokun finalına çıxmaq asan olmadı. Hər iki turniri qazansaq, bu, şəxsən mənim üçün də çox yaxşı göstərici olardı.

Mehman SÜLEYMANOV