Sadıqov Foqtsu dəstəklədi: Bunu gələcəyə hesablanmış addım sayıram
04.06.2010 - 23:05
Sadıqov Foqtsu dəstəklədi: Bunu gələcəyə hesablanmış addım sayıram
“Azərbaycan yığmasının Avstriyadakı təlim-məşq toplanışı ilə maraqlandım. Fikrimcə, baş məşqçi Berti Foqtsun futbolçuları müxtəlif modellərdə sınamaq imkanı oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.

51 yaşlı mütəxəssis bildirib ki, bu toplanış gələcəyə hesablanıb: “Komandamız fərqli hava şəraitində mübarizə apardı. Baş məşqçi futbolçuların bu meydançada bacarığını da yoxlaya bildi. Məncə, bu toplanış Azərbaycan yığması üçün çox xeyirli olacaq. Bunu gələcəyə hesablanmış addım sayıram”.

Sadıqov Azərbaycan yığmasının rəqib seçimini də düzgün sayır: “Makedoniya Avropanın güclü komandalarından sayılır. Moldova da xüsusi çəkiyə malikdir. Millinin Avro-2012-ə hazırlaşdığını nəzərə alsaq, millinin rəqib seçimi düzgündür. Hondurasla isə rəqib dünya çempionatına getməzdən öncə oynadıq. Həqiqətən də, çox səmərəli bir təlim-məşq toplanışı oldu. Bu, seçmə mərhələnin oyunlarında komandamızın köməyinə çatacaq”.

Qeyd edək ki, millimiz mayın 23-dən iyunun 2-dək Avstriyada təlim-məşq toplanışında olub. 3 yoxlama matçında qüvvəsini sınayan komandamız Moldova (1:1) və Hondurasla (0:0) heç-heçə edib, Makedoniyaya uduzub - 1:3.