“Standard” Fərid Quliyevə 200 min manat qiymət qoydu
04.06.2010 - 16:06
“Standard” Fərid Quliyevə 200 min manat qiymət qoydu
Sumqayıtın “Standard” klubu 7 futbolçusunu transferə çıxarıb. Komandanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, I diviziona düşən komanda qapıçılar Anar Nəzirovla türkmənistanlı Pavel Xarçik, yarımmüdafiəçilər – uruqvaylı Riçard Rekelme, Arif İsayev, Samir Zərgərov, hücumçular Fərid Quliyevlə moldovalı Dan Pisla ilə yollarını ayırmağı qərara alıb.

Klub onlara görə istədiyi kompensasiyanı da açıqlamaqdan çəkinməyib. Belə ki, Sumqayıt təmsilçisi ən böyük məbləği iki illik müqaviləsi olan ötən çempionatımızın bombardiri Fəridə görə tələb olunur. Yəni yığmamızın 24 yaşlı hücumçunu transfer etmək istəyən 200 min manat təzminat ödəməlidir. Ondan sonra 70 min manat qiyməti qoyulan Rekelme gəlir. İsayev, Xarçik və Pislanın transfer qiyməti eynidir – 50 min manat. Zərgərov 30 min manata satılırsa, ən aşağı məbləğ (25 min manat) vaxtilə millimizə cəlb olunan Nəzirova qoyulub.