“Neftçi” rəhbərliyi Zaur Tağızadəyə də “get” dedi
05.06.2010 - 10:46
“Neftçi” rəhbərliyi Zaur Tağızadəyə də “get” dedi
“Neftçi” futbol klubunun rəhbərliyi kapitan Zaur Tağızadəyə məşqçilik təklif edib. Bu haqda lent.az-a komandanın baş məşqçisi Arif Əsədov məlumat verib. Onun sözlərinə görə, 31 yaşlı yarımmüdafiəçi təklif üzərində düşünəcəyini bildirib.

Əsədov Tağızadənin daim “Neftçi”yə sadiq olduğunu, lakin zədəyə meylliliyinin komandanın əsas heyət üzvünə çevrilməsinə imkan vermədiyini açıqlayıb: “Zaur vaxtilə digər klublardan sərfəli təkliflər almasına baxmayaraq, “Neftçi”nin şərəfini hər şeydən üstün tutub. İndi isə istəməzdim ki, o, ehtiyatda qalsın. Ona görə də Tağızadəyə əsas komandada məşqçi kimi çalışmasını təklif etdim. Zaur da “fikirləşərəm” dedi”.

Qeyd edək ki, Tağızadə 2004-cü ildən “Neftçi”yə məxsus futbolçu kimi çıxış edir.