“Berti Foqts balacaboy olsa da, çox işgüzar görünürdü”
05.06.2010 - 12:46
“Berti Foqts balacaboy olsa da, çox işgüzar görünürdü”
Rusiya mətbuatı dünya çempionatının qəhrəmanlarının siyahısını tərtib edib. Apasport.az saytının məlumatına görə, ruslar hər çempionatda bir futbolçunun çıxışını xüsusi qabardıblar.

Hazırda Azərbaycan yığmasını çalışdıran Berti Foqts 1974-cü il mundialının qəhrəmanı elan olunub. Ruslar Almaniya-Hollandiya arasındakı final görüşündə oynayan Foqtsun işinə bel qiymət veriblər: “Foqts finalda əfsanəvi Yohan Kroyffa qarşı oynayırdı. O, Yohanı əla bağladı və dünya çempionu olmasına imkan vermədi. Foqts balacaboy olsa da (168 sm), meydanda çox işgüzar görünürdü. Onun bədəni çox möhkəm idi. Müdafiənin sağ cinahında çıxış edən Foqts rəqib hücumlarının qarşısını kəsməklə yanaşı, həm də hücuma fəal qoşulurdu. Almaniya yığması onun hava ötürmələrindən həmişə bəhrələndirdi”.

Ruslar Berti Foqtsu Frans Bekkenbauerlə müqayisə edib: “Foqtsun karyerası “Borussiya” ilə bağlıdır. Foqts Almaniya Federativ Respublikasının yığmasında 96 oyun keçirib ki, bu göstərici ilə yalnız Frans Bekkenbauerdən geri qalır. O, futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb. Küveyt, Şotlandiya, Nigeriyadan sonra indi də Azərbaycan yığmasında fəaliyyət göstərir”.