“Bakı”nın bombardiri Ukrayna Premyer Liqasına gedir
07.06.2010 - 08:46
“Bakı”nın bombardiri Ukrayna Premyer Liqasına gedir
Bu il Ukrayna çempionatının güclülər dəstəsinə qayıdan Lutskın “Volın” klubu yenidən Azərbaycanda parlamış oyunçuya göz dikib. Apasport.az saytının məlumatına görə, millimizin sabiq futbolçuları Samir Əliyev və Kamal Quliyevin 2002-03-cü illərdə parladığı komanda indi də “Bakı”dakı çıxışları ilə tanınan Feliks Felipe Almeydanı transfer etmək fikrindədir.

Yeni başa çatan 2009/10 mövsümündə klublarımızın heyətində avrokubokların ən yaxşı bombardiri olan braziliyalı hələlik Lutsk təmsilçisində baxışdadır. Hələ də Nalçik “Spartak”ına məxsus olan hücumçunun Ukraynada icarə əsasında çıxış etməsi də mümkündür. “Bakı”nın ötən ilin yayında icarəyə götürdüyü Feliks avrokuboklarda 4 qol vursa da, mövsümün ilk yarısı başa çatmamış vətəninə qayıtmalı olmuşdu.

Qeyd edək ki, Samirlə Kamaldan başqa, Tərlan Əhmədov, Cahangir Həsənzadə və İlham Yadullayev də “Volın”ın şərəfini qoruyublar.