Elnur Allahverdiyev: “Neftçi”yə qayıdışımı istisna etmirəm
07.06.2010 - 11:41
Elnur Allahverdiyev: “Neftçi”yə qayıdışımı istisna etmirəm
“Yığmamızın heyətində vətənə qayıtdıqdan sonra istirahət edirəm. Yaxın müddətdə hazırlığa başlayacağam. Ancaq məşqlərə hansı klubda başlayacağımı hələ dəqiqləşdirməmişəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Elnur Allahverdiyev deyib.

27 yaşlı müdafiəçinin son il yarımı keçirdiyi Ağdamın “Qarabağ” klubu ilə müqaviləsi başa çatıb. Yeni müqavilə təklifini hələ qəbul etməyən Elnur belə gedişlə komandasını dəyişəcək: “Açığı, “Qarabağ”da qalacağımla bağlı hələ qərar verməmişəm. Bir az gözləməyi lazım bilirəm. Fikirləşib, son seçimimi etməliyəm. İnşallah, bir-iki günə biləcəksiniz. “Neftçi”yə qayıtmağıma gəlincə, bu, futboldur, hər şey ola bilər. Mən bu komandaya dönüşümü istisna etmirəm. “Neftçi”yə qayıtmaq istərdim. Ancaq hələ bu məsələ həllini tapmayıb”.

Qeyd edək ki, Allahverdiyev məhz “Neftçi”də tanınıb. Sol cinah müdafiəçisi 2008-ci ilin payızında, almaniyalı Hans-Yurgen Gede “ağ-qaralar”ın baş məşqçisi olduğu dövrdə komandadan kənarlaşdırılıb. Artıq flaqmanda nəinki məşqçi korpusu, rəhbərlik də dəyişdiyindən Elnurun dönüşünə problem yoxdur. Üstəlik, “Neftçi”nin baş məşqçisi Arif Əsədov ad açıqlamasa da, Avstriyada olduğu müddətdə transfer etmək istədiyi yığma üzvləri ilə söhbətləşdiyini gizlətməyib.