“Xəzər-Lənkəran”ın üzərinə daha böyük məsuliyyət düşür”
07.06.2010 - 16:08
“Xəzər-Lənkəran”ın üzərinə daha böyük məsuliyyət düşür”
“Fikrimcə, Azərbaycan çempionatının son iki oyununda “Xəzər-Lənkəran”ın bəxti gətirmədi. Düzdür, “Bakı” yaxşı futbol nümayiş etdirdi. Buna baxmayaraq, keçmiş komandamın mövsümü ən azından bir mükafatla yekunlaşdıracağını gözləyirdim”. Bu sözləri apasport.az saytına açıqlamasında "Xəzər-Lənkəran"ın heyətində ən çox oyun keçirən futbolçu Rəşad Abdullayev deyib.

5 il cənub təmsilçisinin formasını geyindikdən sonra “Neftçi”yə keçən yarımmüdafiəçi keçmiş klubunun Avropa Liqasındakı perspektivini də müzakirə edib: "Əlbəttə, "Xəzər-Lənkəran"ın Avropada üzərinə daha böyük məsuliyyət düşür. Məncə, keçmiş komandam bunun öhdəsindən gələcək".

Rəşad Abdullayev komandaya uğur qazanmağın yollarını da göstərib: "Mən də "Xəzər-Lənkəran"ın heyətində Avropada oynamışam. Biz mart ayından etibarən özümüzü bu yarışa hazırlayırdıq. Hazırda "Xəzər-Lənkəran" transferlər həyata keçirməklə məşğuldur. Avropada uğurlu çıxışın mərkəzində heyətin güclü olması durur”.

Qeyd edək ki, Rəşad Abdullayev “Xəzər-Lənkəran”ın heyətində 100-dən çox görüşdə forma geyinib.