“İlk növbədə “Xəzər-Lənkəran”la razılığa gəlməliyəm”
07.06.2010 - 23:01
“İlk növbədə “Xəzər-Lənkəran”la razılığa gəlməliyəm”
“Xəzər-Lənkəran”dan uzaqlaşdırılsam da, bu klubla müqaviləm davam edir. Başqa komandaya keçməyim üçün ilk növbədə "Xəzər Lənkəran"dan transfer vərəqəmi almalıyam. Keçmiş klubum bunun üçün müəyyən kompensasiya tələb edir. Mən onların fikirləri ilə müəyyən mənada razılaşıram. Adətən klubdan özü gedən futbolçu kompensasiya ödəyir”. Bu sözləri apasport.az saytına açıqlamasında "Xəzər-Lənkəran" klubundan uzaqlaşdırılan Ceyhun Sultanov deyib.

O, Salyanın "Muğan" klubu ilə razılığa gəlməsi ilə bağlı yayılan xəbərləri təkzib edib: "Kimin nə yazdığı mənim üçün əsas deyil. "Muğan"a keçidimlə bağlı yayılan məlumatları həqiqəti əks etdirmir. Heç kimlə danışmamışam. Yenə deyirəm, bunun üçün ilk növbədə "Xəzər Lənkəran"la ortaq məxrəcə gəlməliyəm. Bundan sonra gələcək taleyimlə bağlı nəsə danışmaq olar".