“Əgər “Neftçi” pul ödəyibsə, həmin sənədi göstərsin”
07.06.2010 - 17:28
“Əgər “Neftçi” pul ödəyibsə, həmin sənədi göstərsin”
Bakının “Neftçi” klubunun sabiq türkiyəli futbolçusu Əli Cansunla problemi yaranıb. Futbolçunun vəkili Kamal Kapulluoğlu apasport.az saytına verdiyi müsahibədə bildirib ki, yaranan qalmaqala ali futbol qurumu FİFA aydınlıq gətirəcək.

- “Neftçi” ilə Əli Cansun arasında yaranmış problem nə yerdədir?
- Cansunla “Neftçi” arasında pulla bağlı problem var. Biz bunun ödənilməsini rica etdik. Ancaq cavab almadığımız üçün bununla bağlı FİFA-ya müraciət etdik.

- Məbləğ nə qədərdir ki?
- İndi bunu açıqlaya bilmərəm. Araşdırma davam etdiyinə görə, bu mövzuda şərh vermək istəmirəm.

- FİFA məsələ ilə bağlı sizə nə vaxt cavab verməlidir?
- Ali futbol qurumunun bununla bağlı problemi yoxdur. Ancaq bildiyimə görə, FİFA “Neftçi”yə cavab verməsi üçün 10 gün öncə məktub göndərib.

- Həmin sənəddə nə göstərilib?
- Yəni, türkiyəli futbolçu Əli Cansunun belə bir tələbi var. Əgər borclu deyilsinizsə, cavabınızı verin.

- “Neftçi” məsələni araşdırıb, FİFA-ya cavab verməlidir?
- Bəli, biz də bunu gözləyirik. Əli iddia edir ki, “Neftçi”nin ona borcu var.

- Birdən FİFA “Neftçi”ni haqlı çıxarsa, onda nə edəcəksiniz?
- FİFA qərar versə ki, futbolçunun klubdan alacağı yoxdur, bunun bir nüsxəsi bizdə olmalıdır. Əlimizdə protokol var və futbolçu da ona əsasən deyir ki, bu paralar mənə ödənilməyib. “Neftçi” bu məsələdə haqlı çıxması üçün ödənişlə bağlı sənədləri göstərməlidir. Bunu edərsə, mən də üzümü futbolçuya tutub deyərəm ki, bax, pulunu ödəmişlər, niyə almamısan?

- “Neftçi” dediyiniz sənədləri göstərərsə, deməli, futbolçu yalan danışır, sizi aldadır?
- Təbii ki, dediyiniz kimi olarsa, bu, belədir. Ancaq bunu ehtimal etmirəm. Əli niyə yalan söyləsin? Nə üçün aldığı paranı almadığını desin? Siz “Neftçi”nin məbləği ödədiyini duydunuz?

- Yox, sadəcə, “Neftçi” artıq FİFA-ya Cansuna pulun verməsini təsdiq edən sənədləri göndərə bilər...
- Futbolçu almadığını deyir və mən də ona inanıram. Deyir ki, “Neftçi” ilə bir protokol imzaladım, ancaq təəssüf ki, pulu ödəmədilər. Biz də bununla kluba yazılı müraciət etdik. Ödəməməklərinin səbəbini soruşduq, “paranı ödəyin” dedik. Ancaq klub o zaman da mənə cavab verə bilərdi ki, baxın ödənişəm, əlimdə sənəd var. Mən ilk olaraq FİFA-ya yox, kluba müraciət etdim.

- Cansunun “Neftçi”dən ayrılmasından artıq bir il keçib. Bəs məsələni niyə indi qaldırmısınız?
- Futbolçu imzaladığı protokolu bir müddət gözləyib. Orada nəzərdə tutulan məbləğ birdəfəlik yox, hissi-hissə ödənilməli imiş. Biz məbləğlər üzrə tək-tək yox, birdəfəlik müraciət etməyi lazım bildik və buna görə gözlədik.

- Əlinin oynadığı vaxtla müqayisədə “Neftçi”də rəhbərliyin dəyişdiyini bilməlisiniz...
- Əlbəttə. Klublarda belə dəyişiklər olur. Bunun bizimlə əlaqəsi yoxdur. Əli “Neftçi”dən ayrılarkən, alacağı varmış. Klubla bunu oturub danışıblar. Deyiblər ki, sənin bu qədər alacağın var, biz də bunu hissə-hissə ödəyəcəyik. Bunu imzaladıqları protokolla tənzimləmişlər.

- Həmin sənədə “Neftçi”dən kim imza atıb?
- Sənəd indi yanımda deyil, adını da xatırlamıram. Ancaq mən “Neftçi”yə göndərdiyim müraciətdə “nə ödədilər, nə də bizdə belə protokol var” dedilər.

- Bu müraciəti nə vaxt göndərmisiniz?
- Bir-iki ay öncə. Bu, hüquqi prosedura, bizim iddiamızdır. FİFA da kluba müraciət edir ki, belə bir iddia var, bunun doğru olub-olmamağı ilə bağlı cavab ver.

- FİFA-nın qarışdığı məsələyə nə vaxt tam aydınlıq gələr?
- Fikrimcə, 3-5 aya, bu ilin sonuna kimi tam aydınlıq gəlməlidir. Mən belə təxmin edirəm. Təbii ki, FİFA çıxardığı qərarla bağlı sənədin bir nüsxəsini bizə, o birini “Neftçi”yə göndərəcək.