Elşən Məmmədov: “Simurq”un dağılacağını mən də eşitmişəm
07.06.2010 - 19:28
Elşən Məmmədov: “Simurq”un dağılacağını mən də eşitmişəm
“Hansı komandaya keçəcəyim bu gün dəqiqləşəcək. Çünki məni danışığa dəvət ediblər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun futbolçusu Elşən Məmmədov deyib.

Zaqatala təmsilçisi son mövsüm qarşıya qoyulan məqsədə çatmadığı üçün çempionat başa çatmamış bir neçə əcnəbi futbolçunu yola saldı. Rəhbərlik bu addımının səbəbini istənilən nəticənin əldə edilməməsi və yerli oyunçuların xidmətində maraqlı olmaları ilə izah edib. Ancaq mövsüm başa çatdıqdan sonra müqaviləsi bitən oyunçularla klub rəhbərliyi səviyyəsində söhbət aparılmayıb. Bunu nəzərə alan bəzi futbolçular başqa klublardan gələn təklifi dəyərləndirmək niyyətindədir. Elə Məmmədov da istisna deyil: “Simurq”dan dəvət var. Lakin danışıq aparmaq üçün bu gün görüşəcəyim klub paytaxt təmsilçisidir. Hələlik ad çəkməsək yaxşıdır. Çünki hələ ortada rəsmi heç nə yoxdur”.

Son vaxtlar “Simurq”un iddialı olmayacağı, hətta dağılmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat dolaşır. Elə bununla bağlı forvardın da fikrini öyrəndik: “Dağılması barədə mən də eşitmişdim. Ancaq əlaqə saxladığım klub rəhbərliyi bunun yalan olduğunu bildirdi. Komanda yaşayacaq, lakin əvvəlki kimi iddialı olmayacaq”.