“Azərbaycan yığması bu gün və gələcək üçün çalışır” - MÜSAHİBƏ
08.06.2010 - 12:03
“Azərbaycan yığması bu gün və gələcək üçün çalışır” - MÜSAHİBƏ
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Oliver Pelzer AFFA-nın rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, almaniyalı mütəxəssis Moldovada keçirilən beynəlxalq turnir haqda fikirlərini açıqlayıb.

- Rəhbərlik etdiyiniz komanda artıq ikinci dəfədir ki, bu turnirdə iştirak edəcək. Rəqiblər barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, Moldova, Rumıniya və Belarusun 17 yaşadək futbolçulardan ibarət yığma komandası ilə üz-üzə gələcəyik. Rəqiblərimizin oyunlarını izləmişəm. Onlar haqda kifayət qədər informasiya toplamışam. Ötən ilki turnirlə müqayisədə hər üç komandanın heyətində kifayət qədər dəyişiklik var. İlk oyunumuzu bu gün Belarus millisinə qarşı keçirəcəyik. Turnirin təcrübə baxımından həm futbolçular, həm də məşqçi heyəti üçün faydalı olacağını düşünürəm. Keçirdiyimiz təlim-məşq toplanışı heyətə yeni cəlb olunan futbolçular üçün də mühüm əhəmiyyət kəsb edir.

- Ötən il bu turnirin həlledici oyununda belaruslulara 0:2 hesabı ilə məğlub olaraq ikinciliklə kifayətlənmişdiniz. Bu baxımdan bugünkü oyuna nə dərəcədə prinsipial yanaşırsınız?
- Bu, sadəcə oyundur. Əvvəlki nəticələr tarixə qovuşub. Bizim komanda bu gün və gələcək üçün çalışır. Əlbəttə, ilk oyun hər zaman çətin keçir. Amma biz yalnız qələbə üçün oynayacağıq.

- Heyətlə bağlı hər hansı bir probleminiz varmı?
- Xeyr. Heyətdə heç bir zədəli futbolçu yoxdur. Hamı oyunlara tam hazırdır.

- Turnirdə hansı nəticəni əldə edəcəyinizi gözləyirsiniz?
- Komandamı turnirin qalibi görmək istərdim. Çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Eyni zamanda, burada komandanı komplektləşdirməyə çalışacağıq. Bu səbəbdən bir çox dəyişikliklər etməyi düşünürük. Əsas məqsədimiz oktyabrda Portuqaliyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlaşmaqdır.

- U-17-nin heyətinin müəyyənləşdirilməsi ilə bağlı seleksiya işləri nə vaxta qədər davam edəcək?
- Biz hələ ki seçim dövrünü başa vurmamışıq. Moldovaya gəlməzdən əvvəl Şağan və Sumqayıtda təlim məşq-toplanışı keçirdik. Orada 30 futbolçu arasında seçim edərək Kişinyova 18 nəfərlik heyət gətirdik. Azərbaycana qayıtdıqdan sonra da seleksiya işlərini davam etdirəcəyik. Bakıda bir neçə təlim-məşq toplanışı keçəcəyik. Ardınca avqust ayında “Palanqa” turnirində iştirak edəcəyik. Hələ konkret olaraq heç nə hazır deyil. Amma seçmə mərhələyə qədər komandanı tam şəkildə formalaşdıra biləcəyimizi düşünürəm.