Azərbaycan futbolçuları Belarusla bacarmadı
08.06.2010 - 13:14
Azərbaycan futbolçuları Belarusla bacarmadı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldova Futbol Federasiyasının kuboku uğrunda turnirə məğlubiyyətlə başlayıb. Apasport.az saytının məlumatına görə, bu gün start götürən ənənəvi yarışın ilk matçında Belarusla qarşılaşan Oliver Pelzerin yetirmələri rəqib qarşısında aciz qalıb – 2:4.

Fasiləyədək 2 qol vuran belaruslular ikinci hissənin əvvəlində fərqi 3-ə çatdırsa da, yığmamız 18 dəqiqəyə onlardan ikisinin əvəzini çıxıb. Bununla ümidlənən yığmamız matçı xilas etməyə çalışıb. Lakin 60-cı dəqiqədə futbolçularımızdan birinin meydandan qovulması üzündən azlıqda qalan və ikinci qolu da 10 nəfərlə vuran yığmamız hesabı bərabərləşdirə bilməyib. Belarus yığması isə uzatma dəqiqələrində fərqi ikiyə çatdırıb.

Qeyd edək ki, turnirin bu gün keçiriləcək digər matçında Moldova və Rumıniya yığmaları qarşılaşacaq.