Daha bir futbolçu “Xəzər-Lənkəran”dan ayrıldı - FOTO
08.06.2010 - 13:55
Daha bir futbolçu “Xəzər-Lənkəran”dan ayrıldı - FOTO
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Nizami Hacıyev klubunu dəyişib. Apasport.az saytının məlumatına görə, "Xəzər-Lənkəran"ın əsas heyətinə düşməyə çətinlik çəkən Hacıyev vaxtilə şərəfəni qoruduğu “İnter”ə qayıdıb.

Bu barədə məlumat verən Hacıyev bildirib ki, artıq köhnə-yeni klubu ilə ilk məşqinə çıxıb: “Düzü, “Xəzər-Lənkəran”da qalıb-gedəcəyim son ana qədər bilinmirdi. Nəhayət, qərarımı verdim və cənub təmsilçisindən ayrıldım. Onlardan heç bir incikliyim yoxdur. Sadəcə, indi mənim oynayan vaxtımdır, ehtiyatda oturan yox. Artıq "İnter"lə ilk məşqimə də çıxmışam. Ümidvaram ki, mütəmadi forma geyinmək imkanım olacaq”.

Hacıyev ötən ilin yayında Ağasəlim Mircavadovun dəvətilə "Olimpik-Şüvəlan"dan "Xəzər-Lənkəran"a transfer olunub. 2 illik müqavilə bağlasa da, cənub təmsilçisində cəmi 1 il çıxış etmək Nizamiyə nəsib oldu. Hələ 1 illik müqaviləsi olan futbolçunu transfer etməkdən ötrü "İnter" rəsmiləri "Xəzər-Lənkəran" rəhbərliyinin qəbulunda olublar: “Mən transfer vərəqəsinin qarşılığında "Xəzər-Lənkəran"a heç bir vəsait ödəmədim. Yalnız iki klub arasında danışıq oldu və bu məsələ həllini tapdı. Əslində, mən "İnter"lə "Xəzər-Lənkəran" arasında hansı danışığın olduğunu bilirəm. Sadəcə, bu barədə danışmaq fikrindən uzağam”.

Qeyd edək ki, Nizaminin "İnter"lə müqaviləsinin müddəti 1 illik nəzərdə tutulub.