Mahmud Qurbanov harada oynayacağını bilmir
08.06.2010 - 15:41
Mahmud Qurbanov harada oynayacağını bilmir
“Hazırlıqlara iyunun 10-da toplaşacağıq. Komandada qalıb-qalmayacağımı da həmin vaxt biləcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında son mövsümü “Bakı” klubunun heyətində keçirən Mahmud Qurbanov deyib.

Azərbaycanın ən titullu futbolçusu olan və son il yarımı paytaxt təmsilçisinin heyətində keçirən Qurbanov karyerasını harada davam etdirəcəyini hələ bilmir. “Bakı”nın heyətində bir dəfə çempionluq, bir dəfə də kubok sevinci yaşayan təcrübəli yarımmüdafiəçinin hazırkı klubu ilə müqaviləsi başa çatıb. Ancaq o, oynamaq istəyir. Buna görə də futbolçu karyerasını bitirmək niyyətində deyil: “Konkret təklif yoxdur. “Bakı” məni heyətində saxlamaq istəsə, məmnuniyyətlə qalıb bir il oynayaram”.

Qurbanov bildirib ki, futbolçu karyeramı bitirdikdən sonra məşqçi kimi fəaliyyətə başlamaq niyyətindədir: “Ömrümü bu idman oyununa həsr etmişəm. Ona görə də futbolda qalmaq istəyirəm. Məşqçilik kurslarına qatılacağam. Ancaq hələ bir il oynamaq istəyirəm. Ümidimi itirməmişəm. Necə deyərlər, ümid sonda ölür”.