“Neftçi”də maliyyə yoxlamaları aparılıb” - MÜSAHİBƏ
08.06.2010 - 17:10
“Neftçi”də maliyyə yoxlamaları aparılıb” - MÜSAHİBƏ
Bakının “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibəsi

- Heyətlə bağlı islahatlar aparmaqda davam edirsiniz. Son günlər 2 yerli, 2 əcnəbi futbolçu ilə vidalaşdınız. Yeni komandanın formalaşdırmasının çətin olmasından çəkinmirsiniz ki?
- Apardığımız islahatlar komandanın xeyrinədir. Bizə lazım olmayan legionerləri yola saldıq. Məqsədimiz heyəti gəncləşdirməkdir. “Neftçi”nin gənc futbolçular baxımından imkanı böyükdür. Bu baxımdan ölkədə öndə gedən klublardanıq. Bildiyiniz kimi, yerli futbolçulardan Samir Əliyev və Zaur Tağızadə ilə müqaviləni uzatmadıq. Düzdür, Zaurla danışıqlarımız davam edir. Klub rəhbəri kimi onunla əməkdaşlığı qurtarmamışam. Tağızadənin birdəfəlik getməsi informasiyası yanlışdır. Ona bəzi təkliflər etmişik. Uzun illər komandanın şərəfini qorumuş, kömək etmiş, kapitanı olmuş futbolçu kimi buna haqqı var. Düzdür, onunla hələ görüşməsəm də, təkliflərimi, fikirlərimi çatdırmışam. Ona məşqçi kimi inkişaf etməsi üçün hər cür şərait yaradılacaq. Gənc kadrlara ehtiyacımız var. Zauru gələcəkdə məşqçi kimi görmək mənim də arzumdur.

- Nəzərə alaq ki, Tağızadənin hələ 31 yaşı var. Sizcə, bu yaşda məşqçilik karyerasını bitirib, məşqçiliyə başlamağa razı olarmı?
- Gərək indidən başlasın ki, 40-45 yaşında nəsə əldə edə bilsin. Qurban Qurbanov futboldan neçə yaşında getdi?

- 33 yaşında.
- Ay sağ ol. Zaur da Qurbandan 2 il tez ayrılır. Bildiyiniz kimi, Tağızadənin dizində ciddi zədələri var. Yenə ağır zədə alsa, necə olacaq? O, dəyərli, yadda qalan oyunçu olub. Futbolçu kimi öz sözünü deyib, komandamızda çox böyük nailiyyətləri olub. Tağızadə “Neftçi”yə ürəyini qoyub, bütün bunları çox yaxşı başa düşürəm. Ondan ayrılmaq mənim üçün də çətindir. Ancaq bəzi məsələlər var ki, onu tək prezident səviyyəsində yox, bütün komanda şəklində həll edirik.

- Gürcüstanlı Valeri Abramidze ilə rumıniyalı Leonard Naydinlə sonradan vidalaşdınız. Onlar niyə sona bir tur qalmış imtina etdiyiniz legionerlər arasında yer almadı?
- Mən bunu həmin legionerlərin çıxışına etiraz əlaməti olaraq etdim. Çünki onlar imkanlarından çox aşağı səviyyədə oynadılar. “Neftçi”yə heç bir şey vermədilər, komandanı Avroliqaya çıxara bilmədilər. Halbuki, həmin legionerlərə 5 ay şans vermişdim. Bunun qarşılığını görməyəndə, etiraz əlaməti kimi onları vaxtından əvvəl yola saldım. Leonardla Valeri çox əzmkar futbolçulardır. Naydinin gedişi həmin vaxt 70 faiz idi. Abramidze çempionatdan sonra, müqaviləsi bitən zaman yanıma gəlib soruşdu ki, mən nə edim. Cavab verdim ki, komanda üçün əlimdən gələni etdiyin üçün çox sağ ol. Ancaq səni gələn mövsüm komandada görmürəm. Bildiyiniz kimi, onların 30-dan çox yaşı var. Leonardla bağlı o vaxt qərar verdik ki, onun mövqeyinə güclü, təcrübəli legioner gətirməyi nəzərdə tutmuşuq.

- Belə başa düşdük ki, baş məşqçi Arif Əsədov Avstriyada axtarışlardan sonra yeni legionerlərin transferi böyük ölçüdə həll olunub. Eyni sözləri Braziliyaya yollanan nümayəndələriniz haqda da demək olar...
- Avstriya və Braziliya ilə yanaşı, Argentinada da axtarışlarımız olub. Yəni, bütün bunların nəticəsində 12-13 namizədimiz var ki, onlardan ən yaxşı 6-7-i seçməliyik. Gələcək siyasətimiz belədir: gətirdiyimiz legionerlərin sayı 7-8-dən artıq olmayacaq. Səviyyəli olsunlar ki, üstünlük verəcəyimiz gənc futbolçular onlardan fayda götürüb, inkişaf etsinlər. Özünüz da başa düşürsünüz ki, bir mövqeyə iki legioner olması elə də məqsədəuyğun deyil.

- Yeni legionerlər arasında Əsədovun oyununu izlədiyi Makedoniya yığmasının üzvləri, dayaq yarımmüdafiəçisi Slavço Georgiyevski ilə hücumçu Mənsur Kurtişini nəzərdə tutursunuz, yoxsa?
- Qardaşım, bu sualı mənə verməyin. Məsələ 100 faiz həll olunandan sonra açıqlama verəcəyik. Mətbuatdan gizlədiləsi bir şeyimiz yoxdur. Allah qoysa, bir şey qalmayıb, yaxın günlərdə hər şeyi biləcəksiniz. Komandamız Avstriyaya təlim-məşq toplanışına gedəcək və həmin vaxtda bütün açıqlamaları verəcəyik. Yəni bütün işlərimizi səfərə gedənə kimi həll edəcəyik. Orada futbolçu almaq söhbəti olmayacaq.

- Braziliya A seriyasından futbolçu gətirmək istəyirdiniz. Bunu gerçəkləşdirmək nə dərəcədə realdır?
- Düzdür, bu həddən artıq çətin olsa da, reallaşdırmağa çalışırıq. Braziliya futbolu çox inkişaf edib. İndi bu ölkədə menecerlər futbolçu alqı-satqısından böyük gəlir əldə etmək istəyirlər. Transferlərlə məşğul olan böyük firmalar var. Onların bura gəlişində problem yaratmasalar da, bizə sərf etməyən şərtlər ortaya çıxır. Bir də görürsən ki, pul hər şeyi həll etmir. Avropanın bəzi ölkələrinə 300-400 min dollara gedən futbolçu Azərbaycana heç 1 milyona da gəlmir. Hər halda, Braziliyada nəzərdən keçirdiyimiz 10 futbolçudan 7-si ilə danışıqlar aparmışıq. Bəli, “Neftçi”yə gəlmək istəyən braziliyalı futbolçular yüz faiz var. Sadəcə bəzi şərtlər var ki, bunlara baxmalıyıq. Hər halda, gərək ayağımız yorğanımıza görə uzadaq da.

- Milli komandamızın bəzi üzvlərini adı “Neftçi” ətrafında hallanır. Misal üçün, Rəşad Sadıqov, Elnur Allahverdiyev “Neftçi”yə qayıda bilərlər?
- Bəli. Niyə qayıtmasınlar ki? Hər şey bir tərəfə qalsın, mənim futbolçuların çoxu ilə dostluq münasibətim var. İstər Rəşad, Elnur olsun, istərsə də başqası. Onların vaxtilə “Neftçi”nin şərəfini necə qoruyublar, bunu bütün Azərbaycan bilir. Hansısa səviyyəli futbolçunun “Neftçi”yə gəlişi bizim üçün fəxrdir. Fəxr etməliyik ki, belə bir futbolçu özünü komandamızda görür.

- Yerli futbolçularla danışıqlar gedirmi?
- Yenə deyirəm ki, bunun yekunlaşmağına çox az bir müddət qalıb və hamısı açıqlanacaq.

- Keçmiş futbolçunuz Əli Cansunun rəhbəri olduğunuz klubla maddi baxımdan problemi yaranıb. Onun vəkili saytımıza açıqlamasında FİFA-ya bununla müraciət etdiklərini bildirib...
- Mən “Neftçi”yə gələndə nə Əli Cansun tanıyırdın, nə də... Tək onun yox, komandada olmuş bir neçə futbolçunun iddiası var. Əli bir dəfə mənə zəng etmişdi. Dedim ki, düzdür, komandanı mən qəbul etmişəm, prezidenti mənəm, ancaq dediklərin mənim problemim deyil. Çalışacağam ki, sənə kömək edim. İlqar Quluzadəni (sabiq vitse-prezident) dəvət edərəm, oturub danışarıq. Görək, nə söhbətdir, borc var, yoxsa yox. Mən bunlarla maraqlanmamışam, ancaq eşidirəm ki, filankəsə borc qalıb. Əliyə dedim ki, əvvəlki rəhbərliyin borcu varsa, onu birdəfəlik də olmasa, hissə-hissə verilməsinə çalışacağam. O da dedi ki, mən heç kimə müraciət etmərəm, sizi gözləyərəm. Özünüz də gördünüz ki, “altılıq”da oyunlarımız uğursuz alındı, gərgin günlərimiz oldu. Həmin vaxt Əli Cansun yada düşmürdü. 3-4 gün əvvəl mənə zəng etdi. Dedim ki, a kişi, söz vermişəm, görək nə edirik... Qardaşım, əvvəlki rəhbərliyin bütün yükünü götürmək də çətindir.

- Fakt odur ki, məsələ FİFA-da araşdırılanda, indiki rəhbərlik zərbə altına düşür. Gede də maddi məsələlərlə bağlı FİFA-ya şikayət etmişdi. Gələcəkdə problem yaşanmamağı üçün bütün bunları çözməlisiniz...
- Düzdür. Çalışıram ki, bu məsələləri həll edək. Qardaş, ancaq elə tələblər var ki... Bütün məsələləri hissə-hisə etməliyəm. Birdən-birə hər şeyi durub yoluna qoya bilmərəm ki? Gedenin da böyük iddiası var. İndi klubda olmayan insanların səhvləri olub. Başa düşürsünüz, bunları da birdən çözmək mümkün deyil. Elə məbləğdədir ki, onu birdən-birə vermək də olmur. Mən də istəmərəm ki, kiməsə borcumuz olsun. Bir də ki Əli Cansunla mən də danışmışdım. Söz vermişdi ki, FİFA-ya müraciət etməyəcək. Ancaq saytınızda görürəm ki, vəkili FİFA-ya müraciət edib. Deyir ki, əgər “Neftçi” pulu ödəyibsə, həmin sənədi göstərsin. Əli, mən də türkəm, bizim millət haqda pis düşünməyin, yaxın vaxtda problemi həll edəcəyik.

- Komandada rəhbərlik dəyişəndən sonra maliyyə yoxlaması aparılıb. Yeyinti faktı aşkarlanıbmı?
- “Neftçi” klubunda hər bir vaxt yoxlama olub. Yəni, söhbət indidən yox, biz götürməmişdən əvvəl də. Hər bir işdə təftiş, yoxlama aparılır. Gəlir-xərcini çıxardıb, baxmalısan ki, nə var, nə yox. Yeyintidən söhbət gedə bilməz.

Mehman SÜLEYMANOV