Penaltinin “incəlik”ləri
08.06.2010 - 23:04
Penaltinin “incəlik”ləri
Böyük Britaniyanın Ekseter Universitetinin psixoloqlarının fikrincə, 11 metrlik məsafədən penalti zərbəsi vuran futbolçu diqqətini topla nişan aldığı yerə yönəltməli və qapıçıya çox fikir verməməlidir. Alimlərin tədqiqatının nəticəsi "Journal of Sports Sciences" jurnalında dərc ediləcək.

Apasport.az saytının xəbərinə görə, araşdırmaya 18 tələbə könüllü qismində cəlb olunub. Bu zaman futbolçuların penalti zərbəsindən əvvəl baxışlarının istiqamətini qeydə alan qurğulardan istifadə olunub. Tədqiqat qrupunun rəhbəri Qreq Vudun dediyinə görə, insanlar həmişə təhlükə sandıqları nəsnələrə diqqət verirlər: “Penalti zərbəsi vurulanda topun qapıya girməsinə yeganə təhlükə qapıçı olduğu üçün futbolçular əksər hallarda onun hərəkətlərini izləyirlər. Halbuki zərbə vuracaq oyunçu qapıçını eyninə almalı və bütün diqqəti zərbənin özünə yönəltməlidi. Zərbənin dəqiqliyi penaltini vuran futbolçudan asılıdı. Çünki top qapının yuxarı küncünə yönələrsə, qapıçının komandanı qoldan xilas etmək üçün praktiki olaraq şansları yoxdur”.

Onun sözlərinə görə, qapıçılar zərbədən əvvəl əllərini yelləmək və başqa yollarla futbolçunun diqqətini yayındırdıqları hallarda əksər zaman penaltidən vurulmuş topu qaytara bilirlər.