Ulduzu sönənlər
08.06.2010 - 23:13
Çox az sayda futbolçu var ki, daim öz formasını qorumağı, sabit çıxış etməyi bacarır. Əksər oyunçuların karyeraları ərzində yüksəliş anları da olur, eniş anları da. Amma bir qayda olaraq, gənc futbolçuların daim “artırmalı” olduqları fikri qəbul olunub. Ümumiyyətlə, insan yaş ötdükcə püxtələşmirsə, ondan fövqəladə bir şey gözləməyə dəyməz.
Futbolçuların işi isə daha çətindir. Çünki peşəkar futbolçu karyerası orta hesabla 15 il çəkir və bu müddət ərzində özünü isbatlamaq, tarixdə ad qoyub getmək gərəkdir ki, buna da hamı müyəssər olmur. Ölkəmizdə bir sıra futbolçular var ki, onlar cari mövsümdəki çıxışları ilə ümidləri doğrultmadılar. Düzdür, aralarında komandası üçün faydalı olanları, xeyli iş görənləri də var. Amma istənilən halda, gözlənildiyindən qat-qat zəif təsir bağışlayanlar yetərincədir. Bu qəbildən olan futbolçuların arasından 10 nəfər üzdə olanını seçib, cari mövsümdəki çıxışını dəyərləndirməyə çalışacağıq.
Vüqar Nadirov. Sumqayıt futbol məktəbinin yetirməsi olan Nadirovun karyerasını sabit adlandırmaq olmaz. Gənc yaşında “Qarabağ”da parlayan hücumçu ardından “Xəzər-Lənkəran”a transfer olundu. Vüqar ilk gəldiyində daim heyətə düşsə də, formasını qoruya bilmədi və “Masallı”ya icarəyə verildi. Artıq çoxlarının dəftərdən sildiyi Nadirovu bir də Yunis Hüseynov “həyata qaytardı”. “Karvan”da gücünü toparlayan və yenidən milliyə çağırılan Vüqar daha da irəli keçmək üçün ötən yay “Qarabağ”a üz tutdu. "Xəzər-Lənkəran"da olduğu kimi, Nadirovun işləri "Qarabağ"da da ilk əvvəl pis getmirdi. Gənc hücumçu xüsusən də Avroliqa matçlarında inamlı təsir bağışlayırdı. Di gəl ki, Vüqar ölkə çempionatı başlayar-başlamaz "söndü". Olduqca bərbad mövsüm keçirən hücumçu yığmadakı yerini də itirdi. Doğrudur, Berti Foqts əksər hallarda onu yığmanın toplanışına çağırır, amma nadir hallarda oynamaq şansı verir. Əminliklə deyə bilərik ki, Nadirov başa vurduğumuz mövsümdə nəinki yerində saydı, hətta gerilədi də.
Elnur Allahverdiyev. Hiss olunur ki, yığmanın və "Qarabağ"ın sol cinah müdafiəçisinin psixoloji baxımdan problemləri var. Mövsüm boyu meydanda əsəbi görünən, yersiz qayda pozuntularına yol verən, bəzi matçlarda qırmızı vərəqə almaqla komandanı pis vəziyyətdə qoyan Elnur papağını qarşısına qoyub, yaxşı-yaxşı düşünməlidir. Çünki mövsümü boşa verdi. Halbuki, yığmanın formasını geyinən, klubda Qurban Qurbanov kimi məşqçi ilə işləyən hər bir futbolçunun irəliyə doğru addımlamaq üçün hər bir imkanı var. Bircə qalır bu fürsətdən bəhrələnmək ki, Allahverdiyev kimi futbolçu şansını boşa verməməlidir.
Uğursuz mövsüm keçirməsi bir yana, bu aralar Elnurun başı transfer məsələsinə qarışıb. "Qarabağ"la müqaviləsi başa çatan müdafiəçi bilmir qalsın və ya başqa kluba getsin. Qərarını yubatmaq isə ilk növbədə onun özünə zərərlidir. Necə ki fikri yeni müqavilənin yanında qalacaq, çətin rahat istirahət edə, özünü toparlaya.
Elvin Məmmədov. Yığmamızın pleymeykeri nə qədər dəyərli oyunçu olduğunu Avstriya toplanışında bir daha isbatladı. Hazırlıq dönəmində millinin keçirdiyi 3 yoxlama matçında 2 qola imza atan Elvin Avstriyada fərqlənən yeganə futbolçumuz oldu. Di gəl ki, istedadına heç kimin şübhə etmədiyi Məmmədov mövsüm ərzində "Qarabağ"ın heyətində gözlənildiyindən zəif çıxış etdi. Doğrudur, onun komandaya çox köməyi dəydi. Amma azarkeşlər ondan daha çox şey gözləyirdilər. Çünki ötən yay "Qarabağ"a transfer olunan oyun qurucusu Avropa Liqasında o qədər gözəl təsir bağışlamışdı ki, onun çempionatdakı çıxışı ilə sadəcə, müqayisəyə gəlmir.
Cəmşid Məhərrəmov. "Bakı"nın müdafiəçisi loru dildə desək, ağlının ucbatından bugünlərə düşdü. Ötən yay kapitan sarğısını daşıdığı paytaxt klubundan imtina edərək, "Qarabağ"a üz tutması ona baha başa gəldi. Ağdam təmsilçisinin düşərgəsində bir həftə məşq etdikdən sonra "bura mənim yerim deyil" deyib, suyu süzülə-süzülə "Bakı"ya döndü. Amma qayıdanda nə qoyub getdiyi əsas heyətdəki yeri vardı, nə də kapitan sarğısı. Cəmşidin əhvalatı göstərir ki, yaxşı futbolçu olmaq üçün güclü məşq etmək, meydanda can qoymaq yetərli deyil. Qabağa getmək üçün ağılla hərəkət etmək, vəziyyəti düzgün qiymətləndirmək lazımdı.
Saşa Yunisoğlu. Vaxt vardı Saşa Polşada legioner həyatı sürürdü. Vaxtı vardı Saşa "Bakı" ilə müqavilə bağlayanda şərtlə danışırdı. Amma indi? Adam həm klubda, həm də yığmada yerini itirib. Halbuki, ona böyük ümidlər bəsləyirdik, yaxın gələcəkdə Yunisoğlunu sanballı xarici klubda görəcəyimizi düşünürdük. Lakin Saşa bütün ümidləri puç etdi. Xüsusilə də başa vurduğumuz mövsümdə onun varlığı ilə yoxluğu bilinmədi. Təsadüfi deyil ki, Avstriya toplanışında Foqtsun narazı qaldığı yeganə futbolçu məhz o, oldu.
Zeynal Zeynalov. "Standard" belə lazım olmayan futbolçu bir də çətin ki, yığmaya dönsün. Berti Foqtsdan fərqli, klub məşqçilərimizin gözünə xoş gəlməyən Zeynalovun durumu heç də ürəkaçan deyil. "Standard"da gözlənildiyindən zəif çıxış edən və zədə üzündən bir çox matçlarda komandaya kömək edə bilməyən Zeynalov heyətdən kənarlaşdırıldı. Karyerasının ən bərbad mövsümünü keçirən Zeynalın yeni klub tapması da çətin məsələdir. Hər halda, ümid edək ki, Zeynalov işsiz qalmayacaq.
Tural Cəlilov. "Simurq"un hədəfsiz komandaya çevrilməsi futbolçulara da mənfi təsir göstərdi. Amma Cəlilovun performansındakı dönüşü təkcə bununla bağlamaq düzgün olmazdı. Çünki gənc futbolçu fərdi planda da dönüş yaşadı. Amma ümidsizliyə qapılmağa dəyməz. Axı Tural bugünlərdə "Xəzər-Lənkəran" kimi iddialı bir kluba transfer olundu. Lakin növbəti analoji uğursuz mövsüm Cəlilova baha başa gələ bilər. Gənc futbolçu üzərində işləməli, "Xəzər-Lənkəran"da möhkəmlənməklə bərabər yığmadakı yerini də qaytarmalıdır.
İlqar Qurbanov. Vaqif Cavadovun bibisi oğlu sözün əsl mənasında futbolumuzun göz dağıdır. Çünki o parlayanda heç Vaqifi tanıyan yox idi. Di gəl ki, "Fənərbaxça"da yetişən, "Xəzər-Lənkəran"da, "Sivasspor"da forma geyinən futbolçu "Olimpik-Şüvəlan"da ehtiyatda qalırdı. Daha doğrusu, mövsümün əsas hissəsini ehtiyatda keçirdiyi üçün heç "təyyarəçilər"ə də lazım olmadı. Düzdü, futbolçu ara-sıra "mənimlə filan Türkiyə klubu maraqlanır, filan klubla nə vaxt istəsəm, müqavilə bağlayaram" kimi açıqlamalar verir, amma bunlar uşaq başı aldatmaqdan başqa bir şey deyil.
Nizami Hacıyev. "Olimpik-Şüvəlan"dakı inamlı çıxışı sayəsində ötən yay "Xəzər-Lənkəran"a transfer olunan Hacıyev də başa vurduğumuz mövsümü boşa verənlər sırasındadır. Ağasəlim Mircavadov onu böyük ümidlərlə Lənkərana aparsa da, istədiyini ala bilmədi. Məhz bu səbəbdən də cənublular onun bugünlərdə "İnter"ə transferinə mane olmadılar.
Camal Məmmədov. "Qəbələ"də tanındıqdan sonra "Standard"a üz tutan yarımmüdafiəçi başa vurduğumuz mövsümün 90 faizini ehtiyat oyunçular skamyasında keçirdi. Futbolçu "Simurq"a böyük ümidlərlə yollansa da, Roman Pokora ona demək olar ki, şans vermədi. Amma xoşbəxtlikdən hər şey onun üçün yaxşı sonuclandı. Camal növbəti mövsümdən "İnter"də "Standard"dan yaxşı tanıdığı Kaxaber Sxadadzenin rəhbərliyi altında oynayacaq.
ŞAMO, “Futbolekspress” qəzeti

0
0